İnklüziv təhsil üzrə seminar
Aprelin 7-də ADPU-nun Şamaxı Filialında fəaliyyət göstərən İnklüziv təhsil Mərkəzi İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı rayonun ümumtəhsil məktəblərinin direktor və tədris işləri üzrə direktor müavinləri üçün keçirilən inklüziv təhsil üzrə maarifləndirici onlayn seminarda iştirak edib.
ADPU-nun Şamaxı Filialının Tərbiyə işləri üzrə direktor müavini, Şamaxı rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru Şəlalə Seyidova və ADPU-nun Cəlilabad filialınin baş müəllimi, Cəlilabad rayonu üzrə İnklüziv təhsil mərkəzinin koordinatoru Dürdanə Əliyevanın təlimçi qismində iştirak etdiyi seminarda İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülşən Mehdiyeva, Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov, “Əngəlsiz Düşüncə – Sosial İnkişafa Yardım” İctimai Birliyinin (İB) sədri Mətanət Qüdsi və İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin direktor və tədris işləri üzrə direktor müavinləri iştirak edirdilər.
Təlimçilər təqdimatlarında ölkədə əlilliyi olan uşaqların təhsilinin vəziyyəti, onların cəmiyyətə adaptasiyası üçün inklüziv təhsilin əhəmiyyəti, onun mahiyyəti, məqsədi, vəzifələri və əhəmiyyəti, bu sahədə qarşıya çıxan çətinliklər, habelə onların aradan qaldırılması yolları, əlilliyi olan insanlara qarşı sosial yanaşmanın vacibliyi barədə məlumat verdilər. Təqdimatda videoçarxlar da nümayiş olundu.
Seminarda rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülşən Mehdiyeva və Təhsil Şöbəsi nəzdində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) sədri Ruslan Kamilov çıxış edərək təlimçilərə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, əlilliyi olan uşaqların valideynləri ilə işin aparılması, bu sahədə ictimaiyyətin fəal iştirakı, eyni zamanda müxtəlif səbəblərdən təcris olunmuş uşaqların cəmiyyətin fəal üzvü kimi formalaşmasına kömək qarşıda duran əsas vəzifələrdəndir.
“Əngəlsiz Düşüncə – Sosial İnkişafa Yardım” İB-nin sədri Mətanət Qüdsi Azərbaycanda əlilliyi olan insanlara empatiya hissi quraraq yanaşmağın vacibliyini bildirdi. O, özünü dünya təcrübəsində sübut etmiş bir təhsil forması kimi inklüziv təhsilin ölkəmizdə də inkişaf etdirilməsinin bir zərurət olduğunu qeyd etdi.
Sonda tədbir iştirakçılarının sualları cavablandırıldı.