Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak edirdi.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də xüsusi inkişaf özünü göstərir. Ulu öndər Heydər Əliyevin səhiyyə sahəsinə hələ sovet dövründən göstərdiyi xüsusi diqqət və qayğı müstəqillik illərində daha geniş vüsət almışdı. Bütün sahələrdə Ulu öndərin uğurlu davamçısı olan Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət nəticəsində ölkəmizdə tibb sahəsi sürətlə inkişaf etmişdir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 27 dekabr tarixli Sərəncamına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılmış və əhaliyə etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verilmişdir.
Daha sonra söz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şamaxı filialının rəhbəri Elşən Rəcəbova verilib. O icbari tibbi sığorta sisteminin məqsədi, sığortahaqları, xidmətlər zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və s. barədə geniş məlumat verib. Həmçinin bildirib ki, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.