Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər planına əsasən “Heydər Əliyev və Azərbaycanda elmi tərəqqi” mövzusunda maarifləndirici mühazirə keçirildi. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən mühazirədə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Mühazirədən öncə filialın direktoru dosent Tünzalə Yusifova müstəqil Azərbaycan Respublikasının qurucusu, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan elmi və elm adamlarına göstərdiyi diqqət və qayğıdan bəhs etdi. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Mühazirəni Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Dadaşov Çingiz aparırdı. O, qeyd etdi ki, Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı, Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Bir sözlə Azərbaycanda bütün elm sahələri Ulu öndər Heydər Əliyevin dövründə dinamik və paralel şəkildə inkişaf etmişdir.
Mühazirə sual-cavab və müzakirələrlə başa çatdırıldı.