Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev irsi və Azərbaycan elminin inkişafı” adlı professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekun konfransı keçirilib.
İlk növbədə Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi.
Konfransın Plenar iclasında təşkilat komitəsinin sədri, filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu konteksdən yanaşdıqda dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə çox düzgün olaraq elm-təhsil sahəsinə xüsusi diqqət göstərərək müstəqil Azərbaycanda da elmin, təhsilin hamisinə çevrildi. Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Çıxışını Ulu öndərin “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir” sözləri ilə yekunlaşdırdı və konfransın işinə uğurlar arzuladı.
Ardınca sədr müavini, tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsillə bağlı siyasəti artıq real şəkildə özünün müsbət təzahürünü göstərməkdədir. Filialımızda “Heydər Əliyev” ili çərçivəsində bir sıra tədbirlər keçirilib. Bu tədbirlərdən növbətisi də “Heydər Əliyev irsi və Azərbaycan elminin inkişafı” adlı konfransdır. Ardınca professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyəti haqqında məlumat verdi və konfransın işinə uğurlar arzuladı.
Plenar iclasın ardınca konfrans işini 4 bölmədə- Sosial və xüsusi elmlər, Pedaqogika və psixologiya elmləri, Riyaziyyat, informatika və onların tədrisi metodikası elmləri,Filologiyanın aktual problemləri bölmələrində davam etdirdi.
Birinci bölmədə 11, İkinci bölmədə 3, Üçüncü bölmədə 6, Dördüncü bölmədə 9 mövzu olmaqla ümumilikdə 29 iş üzrə məruzələr dinlənildi və müzakirə olundu.
Sonda konfransın yekun iclası keçirildi. İclada bölmələrin sədrləri uyğun bölmələrin işinin yekunlarına dair məlumat verdilər. Bildirildi ki, bütün bölmələrdə aktual mövzular təqdim olunub və müzakirələr mütəşəkkil və diskussiya şəraitində keçirilib.
Bununla da, “Heydər Əliyev irsi və Azərbaycan elminin inkişafı” adlı professor-müəllim heyətinin elmi tədqiqat işlərinin yekun konfransı öz işini uğurla başa vurdu.