Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 8 noyabr Zəfər Gününə həsr olunmuş “ Heydər Əliyev ideyalarının zəfər yürüyüşü” adlı tədbir keçirildi.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənib və Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər günü münasibətilə hər kəsi təbrik etdi. Qeyd etdi ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi və xalqımızın qürur mənbəyidir. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bütün dünya Azərbaycan xalqının, dövlətinin hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
Ardınca Sosial və xüsusi fənlər kafedrasının müəllimi Süsən Cəbrayılova – Zəfərimizin baş memarı – “Ulu öndər Heydər Əliyev”, Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Firidə Mustafayeva –“Zəfər yolu”, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Nazdı Həsənova–“II Qarabağ müharibəsi zamanı informasiya blokadasının dağıdılmasında Ali Baş Komandan İlham Əliyevin siyasi natiqlik məharəti”, Pedaqogika və psixologiya kafedrasının müəllimi Fidan Salmanlı “Dəmir yumruq əməliyyatı” mövzularında çıxış etdilər.
Daha sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə filialın tələbələrinin ifasında mahnılar, şeirlər səsləndirildi və milli rəqslərimiz nümayiş olundu.