Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər planına əsasən “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti” mövzusunda maarifləndirici mühazirə keçirildi. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə keçirilən mühazirədə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Mühazirədən öncə filialın direktoru dosent Tünzalə Yusifova müstəqil Azərbaycan Respublikasının qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. O, qeyd etdi ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin şərəfli ömür yoluna və uğurlu dövlətçilik fəaliyyətinə həsr edilən belə mühazirələrin keçirilməsi və onun zəngin irsinin gənc nəslə təbliğ olunması vacib məsələlərdəndir.
Mühazirəni Dil, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri Eyvaz Eminalıyev aparırdı. O, görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri və rolundan ətraflı bəhs edərək bildirdi ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimidir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. E.Eminalıyev mühazirəsində Ulu öndərin ədəbiyyata olan marağını onun özünün etiraf etdiyi bu fikirlə əsaslandırdı:
-“Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam”.
Mühazirə sual-cavab və müzakirələrlə başa çatdırıldı.