25  aprel 2023-cü il tarixində Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirildi.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Şamaxı rayon mərkəzində ucaldılan abidəsini ziyarət edildi, önünə gül dəstələri düzüldü, xatirəsini ehtiramla yad edildi. Daha sonra tədbir Şamaxı Rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
Tədbiri salamlama nitqi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov açdı. O, qeyd etdi ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirmişdir. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. Bütün sahələrin paralel və dinamik inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə milli intibahın təminatında başlıca vasitə sayılan, cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayan elm və təhsil  sahəsindəki islahatlarından ətraflı bəhs etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Mahirə xanım Hüseynova çıxış edərək  ölkəmizin çiçəklənməsində, xalqımızın dünyaya tanıdılmasında misilsiz rolu olan Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açdı. O, qeyd etdi  ki, Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Etiraf olunmalıdır ki, Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışdır.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.`
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova çıxışında qeyd etdi ki, bugünkü möhtəşəm Azərbaycanımızın danılmaz tərəqqisinin banisi, hamımız üçün doğma və unudulmaz olan Ümummilli Liderdir. Onun bizə miras qoyduğu dövlət müstəqilliyimiz dönməz xarakter almış, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli qoyulmuş, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir. O, qeyd etdi ki, Azərbaycan dünya birliyinin tərkib hissəsinə çevrilmiş, böyük beynəlxalq nüfüz qazanmışdır.  Bu gün əminliklə deyə bilərik ki, Heydər Əliyevin ideyaları cənab prezidentimiz İlham Əliyevin siyasətində yaşayır və zəfər çalır.
Çıxış edən natiqlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqilliyin əbədi, dönməz və sarsılmaz olduğunu xüsusi vurğuladılar.
Sonra tədbir bədii hissə ilə davam etdirildi. Azərbaycan Respublikasının xalq artistləri Ağadadaş Ağayev, Nurəddin Mehdixanlı , Məleykə Əsədova və Azərbaycan Respublikasının əməkdar artisti Elnur Zeynalovun ifasında Ulu öndərə həsr olunmuş şeir və mahnılar tədbirə rəng qatdı.

Paylaşın: