Fevralın 1-də ADPU-nun Şamaxı filialı və Şamaxı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il Heydər Əliyev ili və 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
İlk olaraq Şamaxı Heydər Əliyev Parkında Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Ziyarətin ardınca filialımızda təşkil olunan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda şəhid olan bütün gənclərimzin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə elmi praktik konfrans açıq elan olunub. “Ulu Öndər və Azərbaycan gəncliyi mövzusunda videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq tədbir iştirakçılarını salamlayıb və tələbə gənclərimizi gənclər günü münasibətilə təbrik edib. O öz çıxışında Ulu Öndərin gəncliyə verdiyi dəyərdən və bu gün Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə zəfər çalan gənclərimizin göstərdiyi şücaətdən bəhs edib.O həmçinin qeyd edib ki, bizim gələcəyimiz bu gün gənclərə verilən təhsildən asılıdır və regionun yeganə ali təhsil müəssisəsi olaraq ADPU-nun Şamaxı filialı da üzərinə düşən bu vəzifəni uğurla yerinə yetdirməyə hər zaman səy göstərir. Bunun nəticəsidir ki, bu gün məzunlarımız gənclər siyasətinin bir hissəsinə çevrilərək Azərbaycanın dörd bir yanında bir çox sahələrdə bizi uğurla təmsil edir.
Ardınca çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Eyvazova Könül gənclər gününün tarixindən və Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov – “Ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”, Vətən müharibəsi qazisi Nazim Muradov – “Zəfər tarixini yazan Azərbaycan gəncliyi”, filialın Tələbə Elmi Cəmiyyətinin sədri Aytən Teymurova – “Heydər Əliyevin Azərbaycan elmi və gənc tədqiqatçılara qayğısı”,Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 1-ci tədris ili tələbəsi Nuranə Mirzəyevə “Gənclər siyasəti dövlətin prioritet məsələlərindəndir” mövzularında müfəssəl çıxışlar ediblər.
Son olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Narınc Cəbrayılovanın ifasında “Adına Öndər dedik” şeirinin səsləndirilməsi ilə tədbir başa çatıb.