Gələcəyə gedən uğurlu yollar.
Azərbaycanın beynəlxalq birliklər tərəfindən də tanınan tarixi ərazilərini 30 ilə yaxın müddət ərzində Ermənistan işğal altında saxlayırdı. Torpaqlarımızın 20% -i erməni faşistləri tərəfindən zəbt edilmişdi. Bu illər ərzində ermənilər qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirmişdi, öz işğalçı siyasəti ilə bütün beynəlxalq qanun və normaları pozaraq analoqu olmayan cinayətlər törətdilər. Azərbaycanın qədim şəhərlərini darmadağın etdilər. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir. Bizim bütün maddi sərvətlərimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi, tarixi dini abidələrimiz söküldü.
Rəsmi İrəvan 30 ilə yaxın müddət ərzində yalnız təxribatlarla məşğul oldu, Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda danışıqlar prosesinə son qoyuldu. Müzəffər Ali Baş Komandan – Respublikamızın Prezidenti Cənab İlham Əliyevin müdrik və çevik siyasəti nəticəsində tarixi Azərbaycan torpaqları geri qaytarıldı, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Azərbaycan tarixi zəfər əldə etdi.
Qalib xalqın müzəffər Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində qələbəmiz daha inamlı oldu. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi.
Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan;
Təəssüflər olsun ki, Ermənistan tərəfi hələ də öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, düşmən “Dəmit Yumruğun” gücünü yenidən hiss edəcəkdir. Əslində onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı.
Qürurla deyə bilərik ki, böyük qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş güclü, müstəqil dövlət sayəsində tarixi torpaqlarımız işğalçılardan azad edildi və orada quruculuq işləri həyata keçrilməkdədir. Baş plan əsasında işğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaq.
Bərpa-quruculuq işlərini hər an diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 may 2021-ci il tarixində Ağdam şəhərinə səfər etdi. Dövlətimizin başçısı Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdi. Bu layihə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Xatırladaq ki, 14 kilometrik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqələrindən keçəcək yolun uzunluğu 44,5 kilometrdir. Dövlətimizin Başçısının tapşırığına əsasən, bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolağı olacaq.
Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini də əhatə edəcək.
Bəli, bu gələcəyə gedən uğurlu yolun təməlini 28 may 2021-ci il tarixində Prezident İlham Əliyev qoydu. Erməni faşizminin zülmünə məruz qalmış torpaqlarımız bu gün artıq dirçəlir, çiçəklənir. Bu il işğaldan azad olunmuş torpaqlarımızda bahar bir başqadır, bundan sonrakı bütün fəsillərdə də torpaqlarımıza nur və bərəkət yağacaq.
Yaşasın müstəqil və suveren Azərbaycanımız!
Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərimanov.