ADPU-nun Şamaxı Filialında 2 fevral Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.

 

Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında filial rəhbərliyinin, müəllim və tələbə heyətinin iştirakı ilə 2 fevral Azərbaycan Gənclər Gününə həsr olunmuş “Gələcəyimiz- gəncliyimiz” adlı tədbir keçirildi. İlk olaraq Vətən yolunda canından keçən gənclərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini xüsusi vurğuladı. Dövlətin bu sahədə təhsil müəssisələrinin qarşısına qoyduğu öhdəliklərin ADPU-nun Şamaxı Filialı tərəfindən də uğurla həyata keçirilməsinin nəticəsdiir ki, filialın tələbələri filial, rayon və respublika səviyyəli tədbirlərdə fəal iştirak edir, diplom və sertifikatlarla təltif olunurlar. Çıxışda o da qeyd olundu ki, bu il Gənclər günü bir başqa abu-havada qeyd olunur. Əsl mübarizlik, qəhrəmanlıq nümayiş etdirən Azərbaycan ordusu, Azərbaycan gəncliyi 30 illik torpaq həsrətimizə son qoyaraq nəinki düşmənə, həm də bütün dünyaya xalqımızın böyükülüyünü, dövlət-xalq-ordu birliyini sübut etdi. ADPU-nun Şamaxı filialı olaraq həmin tarixi günlərdə şəhid olmuş filialın məzunu Elgün Əzizov və Orxan Nəbiyevin xatirəsi yaradılan guşə ilə əbədiləşdirilmişdir. Həmçinin məzunlarımız arasından olan şəhid ailələri ziyarət olunmuşdur.

Sonra çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova ADPU-nun Şamaxı filialında gənclərlə aparılan işlərdən, ictimai təşkilatların fəaliyyəti və həmin fəaliyyətlərin tələbə-gənclərin gələcək fəaliyyətində oynadığı roldan bəhs etdi.

Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov 2020-ci il ərzində filialın tələbə-gənclərinin həyata keçirdiyi tədbirlərdən, könüllülük fəaliyyətlərinə qoşulmaları, pandemiya və Vətən müharibəsi dövründə arxa cəbhədə gənclərin oynadığı əhəmiyyətli roldan bəhs etdi. YAP Gənclər Birliyinin sədri Məhərrəmli Məhərrəm öz çıxışında dövlətin gənclər siyasətinin öz bəhrəsini verməsini, tariximizə qızıl hərflərlə yazılmış Zəfər yürüşünün məhz gənclər siyasətinin düzgün qurulmasının nəticəsi olmasını  vurğuladı. Çıxışda filialın məzunları arasında şəhid olan Elgün Əzizov və Orxan Nəbiyev, həmçinin qəhrəmanlıq göstərmiş onlarla məzunun adları qürur hissi ilə səsləndirildi.

Tələbələrdən Günay Nuriyevanın “Gənclik”, Nadir Məmmədovun “Zəfər yürüşü” şeirlərini, Süleymanova Fidanın “Xudayar təsnifi”ni ifa etməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin çıxış edənfilialın 2019-cu il məzunu, Vətən müharibəsi iştirakçısı Nicat Məmmədov öz xatirələrindən danışaraq torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Zəfər yürüşünün gənclərin həyatında böyük bir mərhələ olduğunu qeyd etdi. Bu yürüş Cənab Ali Baş Komandan İlham Əliyevin gəncliyə aşıladığı vətənpərvərlik ruhununun təcəssümü idi. Həmçinin N.Məmmədov “Vətən yolunda canından keçənlərim var mənim” adlı şeir də səsləndirdi.

Tədbirin sonunda 2020-ci il ərzində filialın ictimai həyatında fərqlənən tələbələri Fəxri Fərman və diplomlarla təltif olunmuşlar.

Paylaşın: