Şamaxıda “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və təcrübəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllim və tələbə heyəti iştirak edirdi.
Layihənin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində yerli icra strukturları, bələdiyyələr, aidiyyətli qurum və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyət potensialının artırılmasına və onların təmsilçilərinin bilik, bacarıq və təcrübəsinin yüksəldilməsinə dəstək təşkil edir.
Tədbirdə erkən və qohum nikahlarla mübarizədə dayanıqlı və səmərəli təsir mexanizmləri, ictimai qınaq və müdafiə sistemlərinin, eləcə də mövcud sistemdəki boşluqların yeni vasitələrlə aradan qaldırılması metodları və erkən nikahın fəsadları və bu kimi hallara qarşı mübarizə işinin gücləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.