15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ADPU-nun Şamaxı filialında “Erkən nikah və məişət zorakılığına yox deyək!” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
Tələbələri maarifləndirmək məqsədilə keçirilən tədbirdə iştirakçılara erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə göstərdiyi mənfi təsirdən bəhs olundu. Qeyd olundu ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Əlavə olaraq bildirildi ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illər həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə məlumat verildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı.