Dövlətlə xalqın sarsılmaz birliyinin təntənəsi!
Rəşadətli Azərbaycan ordusu otuz ilə yaxın erməni faşizminin işğalı altında olan torpaqlarımızı qırx dörd gün ərzində azad etdi. Bu tarixi qələbə dünyanın hərbi, iqtisadi güc baxımından fərqlənən super dövlətlərini belə heyrətləndirdi və bu gün onlar Azərbaycan ordusunun hərbi taktikasını öyrənməyə çalışırlar.
Azad olunmuş torpaqları izlədikcə şahidi oluruq ki, erməni faşistləri işğal altında saxladıqları ərazilərdə, sözün həqiqi mənasında barbarlıq ediblər: kəndlər, şəhərlər xarabazara çevrilmiş, bütün infrastruktur məhv edilmişdir. İşğalçı Ermənistan iyirmi səkkiz illik böyük bir tarixi dövrdə işğal altında saxladıqları yerlərdə heç bir quruculuq, abadlıq işləri aparmamışdır. Özünə məxsus olmayan torpaqlarda işğalçılar yalnız talançılıq etmiş, özlərindən sonra nəhəng xarabalıqlar buraxmışlar. Dünya tarixində xəyanətkarlığı, səbatsızlığı, riyakarlığı ilə tanınan, “zavallı millət” kimi özünü göstərən ermənilər Qarabağ torpaqlarında ağılasığmaz cinayətlər törədiblər. Ali Baş Komandanın dediyi kimi, səfalətə məhkum edilmiş gəlmə ermənilər it damında yaşamış, özləri üçün minimum şərait belə yaratmamışlar. Ona görə ki, özləri də yaxşı dərk edirdilər ki, bu torpaq onların deyil.
Qalib ordunun Ali Baş Komandanı Cənab İlham Əliyevin işğal altından azad edilmiş tarixi torpaqlarımıza etdiyi səfərlər döyüş və siyasi meydanda məğlun olmuş düşməni bir daha mənəvi cəhətdən sındırmaqla, xalqımızda dövlətə, onun rəhbərinə olan inam və sevgisini daha da gücləndirmişdir. Cənab Prezident həmişə xalqın qarşısında inamla çıxış edərək bildirir ki, biz işğaldan azad olunmuş torpaqlarımızı yenidən quracağıq, biz bu yerlərə yeni nəfəs, yeni həyat bəxş edəcəyik. Bu, Cənab Prezidentin birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına etdiyi səfərlərdə də xüsusi olaraq vurğulamışdır.
Qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən artıq həmin bölgələrdə planlı şəkildə bərpa və quruculuq işlərinə başlanılmışdır. Həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşması üçün isə ciddi addımlar atılmaqdadır. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində reallaşacaq. Dəqiq düşünülmüş plan əsasında Ağalı kəndində yaşayış, istehsal, sosial xidmət, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri əhatə olunmaqla beş komponent üzrə işlər reallaşacaqdır. Məlumdur ki, dünyanı iflic halına salan pandemiya şəraitində bu nəhəng quruculuq işlərinin gücləndirilməsi dövlətimizin iqtisadi gücünü, xalqımızın gələcəyə olan sarsılmaz inamını nümayiş etdirir.
Azad edilən ərazilərin minalardan təmizlənməsi, bölgənin enerji ilə təchizatı, infrastrukturun yenidən qurulması, minlərlə hektar torpağın suvarma sistemləri ilə təmin olunması ilkin mərhələdə həyata keçiriləcək işlərdir. Təbiətə qarşı ekoloji terror aktı həyata keçirən ermənilər vaxtilə Azərbaycan dövlətinin qurduğu Su Elektrik Stansiyalarını da məhv edib, sanitar qovşaqları kimi, bunların da avadanlıqlarını talayıblar. Yüz hektardan çox sahədə nadir çinar ağacları kəsilib ki, onların yaşı 200-300 il civarında idi.Sevindirici haldır ki, artıq 7 min hektarda əkin işləri aparılıb. Bəli, Cənab Prezidentin dediyi kimi, “evlər də, təbiət də bərpa olunur”.
İşğaldan azad olunan torpaqlarımız yetirdiyi nadir şəxsiyyətləri, yeraltı, yerüstü sərvətləri ilə unikal bir məkandır. Bu torpaqlarda təbiət bütün zənginliyi ilə insanı yaratmağa sövq edir. Su, günəş, külək enerjisi bu zonanın təbii sərvətlərindədir. Məhz buna görə ölkə başçısının tapşırığına əsasən, burada “Yaşıl enerji” zonası yaradılır. “Yaşıl enerji” zonasının yaradılması iqtisadi səmərəliliyi ilə yanaşı, ekologiyanın qorunması üçün də olduqca əlverişlidir. Bu mənada Kəlbəcər və Laçın rayonlarında külək, Zəngilan, Cəbrayıl rayonlarında günəş enerjisinin böyük potensialı vardır.
Bu bir faktdır ki, azad olunan ərazilərdə yeni nəqliyyat dəhlizinin yaradılması təkcə ölkənin daxili sosial-iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə deyil, həmçinin beynəlxalq əlaqələrin inkişafına böyük təkan verəcəkdir. Bu səbəbdən bölgəyə səfəri zamanı Prezident İlham Əliyev uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yol xəttinin təməlini qoydu. Bu layihənin çox böyük tarixi, iqtisadi və siyasi əhəmiyyəti vardır: vətəndaşlarımızın Naxçıvana rahat gediş-gəlişi ilə yanaşı, ayrı düşmüş torpaqlarımızın əlaqəsi baxımından da ciddi faktdır.
Vətən müharibəsi yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, xalqın dövlətə, onun rəhbərinə inamının təzahürü baxımından da mühüm əhəmiyyət kəsb etdi. Dövlət-xalq-ordu birliyinin, illərdir aparılan ordu quruculuğunun nəticəsidir ki, Azərbaycan ordusunun, əsgərinin nəyə qadir olduğu nəinki düşmənə, həm də bütün dünyaya təsdiqləndi. Ölkə başçısının dediyi kimi, Azərbaycan bölgədə yeni reallıq yaratdı. Şanlı ordumuz əkshücum əməliyyatlarına başladığı ilk günlərdən Ali Baş Komandan bütün dünyaya bəyan etdi ki, biz haqq işi uğrunda vuruşuruq. Humanist addımları ilə tanınan Prezident İlham Əliyev Ermənistan dövlətinə xəbərdarlıq edərək bildirdi ki, onlar işğalçılıq siyasətindən əl çəksinlər, erməni xalqını da səfalətə sürükləməsinlər. Populist çıxışlar, təxribatçı addımlar bir dövlət kimi Ermənistanı məhvə aparır. Biz erməni faşizmini məhv etmişik, dinc erməni xalqı ilə heç bir işimiz yoxdur.
Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur olması erməni xalqına tarixi dərs olmalıdır. Törətdikləri cinayətlərdən, layiq olduqları cəzanı almalarından ibrət götürməlidirlər.
Cənab Prezidentin çıxışlarından da məlum olduğu kimi, tariximizin şanlı səhifələrinin yazıldığı günlərdə haqq işi uğrunda mübarizə aparan dövlət olaraq bir daha dostlarımızın kim olduğunu bildik və Qarabağda tarixi qələbəmizdən sonra quruculuq işlərinə də həmin dövlətləri dəvət edəcəyik. Bəli, təkcə bölgə ölkələri yox, dünyanın bir çox dövlətləri Qarabağda investisiya qoymaqda maraqlıdır və bunun üçün Azərbaycan dövlətinə müraciət edirlər. Çünki bu gün dövlətimiz regionda sabitliyin təminatçısıdır.
Sirr deyil ki, tarixi torpaqlarımızın işğala məruz qalması o zamankı dövlət rəhbərliyi tərəfindən buraxılan səhvlərin nəticəsidir və bu səhvlər təkrarlanmayacaqdır. Tarixi ədalət bərpa olunmalı, səriştəsiz AXC-Müsavat mənfur cütlüyü də tarixdən dərs götürməli, etdikləri cinayətlərin cəzasını almalıdır.
Ali Baş Komandan Cənab İlham Əliyev xalqa xitabən bildirdiyi kimi, Qarabağ müharibəsində əldə olunmuş tarixi qələbə bizim haqqımızdır, xalqla dövlətin sarsılmaz birliyinin nəticəsi, rəşadətli ordumuzun cəsurluğunun təntənəsidir: Biz qalib gəldik, biz ədələti bərpa etdik, biz bi zə məxsus olanı geri qaytardıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
ADPU-nun Şamaxi Filialinın Tərbiyə işləri üzrə direktor müavini Şəlalə Seyidova.