DOĞMA TORPAQLARA BÖYÜK QAYIDIŞ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının fevralın 26- da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı mühüm tarixi məqamlarla yadda qaldı. Mətbuat Konfransında Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündən danışarkən bu faciəni Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayət kimi qiymətləndirmişdir. Mətbuat Konfransında xarici və yerli media nümayəndələri Cənab Prezidentə 44 günlük Vətən müharibəsi və bu şanlı qələbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun rəşadəti barədə müxtəlif səpgili suallarla müraciət etdilər. Sualların əksəriyyətinin mahiyyəti 30 ildən artıq Doğma Qarabağın ermənilər tərəfindən işğal altında saxlanması, tamamilə dağıdılmış şəhərlərin və kəndlərin bərpası – tarixi Azərbaycan torpaqlara qayıdış idi. Media nümayəndələrinin suallarını cavablandırarkən Cənab Prezident başlıca məqsəd kimi bölgədə inkişafı və bərpa işini sürətləndirmək və tranzit yollarının açılmasını təmin etmək məsələlərinə toxundu. Hazırda mühüm layihələr arasında işğaldan azad olunmuş ərazilərdə dəmir yollarının, avtomobil və hava yollarının bərpasına, xüsusilə Fizuli şəhərində aeroportun tikilişinə və dövlət başçısı tərəfindən Azərbaycanın “Mədəniyyət Mərkəzi” adlandırılan Şuşa şəhərinə “Qələbə yolu” adlanan yolun tikintisini qeyd etmək olar. Aeroport, tranzit və nəqliyyat yollarının tikintisi yerli əhalinin, xaricdə yaşayan soydaşlarımızın, eləcədə digər ölkələrin vətəndaşlarının Qarabağa gəlmək imkanına şərait yaradacaq, bölgədə turizmin inkişafına səbəb olacaqdır.

Dövlət başçısının Sərəncamı ilə Qarabağda böyük iqtisadi layihələr icra olunur və bu layihələr artıq başa çatmaqdadır. İşğaldan azad olunmuş şəhərlərin baş planları tərtib edilməkdədir. Buna misal olaraq, Ağdam şəhərində müharibədən əvvəl təqribən 40 minə yaxın əhali yaşayırdısa, hazırda daimi məskunlaşmaq üçün müraciət edənlərin sayı xeyli çoxdur. Təbii ki, böyük qayıdış münasibətilə ilk olaraq vacib infrastrukturların yaradılması əsas şərt kimi qəbul edilmişdir və buna müvafiq digər işlər həyata keçirilməkdədir. Sözsuz ki, həyata keçiriləcək layihələr genişliyi ilə səciyyələnir. Demək bu tarixi missiyanı yerinə yetirmək üçün vaxt tələb olunur. Lakin Cənab prezidentin səyi nəticəsində bu böyük vaxt kiçik zamanla əvəz olunmaqdadır. Məlumdur ki, Azərbaycan iqtisadi gücünə görə nəinki Qafqazın, o cümlədən dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Hal-hazırda qeyri-neft sektorunun iqtsadi baxımından inkişafına xeyli təkan verilmiş və bu proses işğaldan azad olunmuş torpaqlarda da davam etdiriləcəkdir.

Sevindirici haldır ki, doğma torpaqlarımıza qayıdış və onun bərpası üçün investisiya qoyuluşuna maraq göstərən dost ölkələrin şirkətləri artıq bu işlərə cəlb olunmaqdadır. Sözsüz ki, bu işdə Qardaş Türkiyənin və Azərbaycanın Vətən müharibəsində qələbəsini dəstəkləyən digər ölkələr, xüsusilə İtaliya, Pakistan kimi ölkələrin şirkətləri xüsusi rol oynayacaqdır. Erməni faşistləri 30 ildə füsunkar gözəlliyi ilə qəlb oxşayan Qarabağı elə viran edib xarabazara çeviriblər ki, Azərbaycanın bütün dostları üçün burada kifayət qədər iş var və bu iş başlanıb. Şuşa və Kəlbəcər şəhərləri istiqamətində avtomobil yolunun çəkilişində Türkiyə şirkətlərinin iştirakı qeyd olunmalıdır.

Ərazilərin bərpa olunması, sözsüz ki, bölgədə yeni iqtisadi imkanlar yaradacaq. Qeyd etdiyimiz infrastruktur layihələrin nəticəsi olaraq Avrasiyanın yeni bir nəqliyyat damarı açılacaq. Bu layihələr isə ümumən təkcə Azərbaycanın deyil, bütövlükdə regionun geosiyasi statusunu dəyişdirəcək;

Vətən müharibəsindəki 44 günlük tarixi qələbə Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və onun daha cəlbedici investisiya ölkəsinə çevrilməsinə də səbəb olmuşdur. Artıq investorlar başa düşürlər ki, Azərbaycan müharibədə tam qələbə çalıb, ermənilərin yenidən müharibə başlaması riski praktik olaraq sıfıra endirilib, Azərbaycan artıq dünyada etibarlı müttəfiq kimi tanınır.

Dövlət başçısının Vətən müharibəsinin gedişində 30-dan artıq ölkənin mətbuat nümayəndələrinə verdiyi müsahibələrində və 26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün keçirdiyi 4 saatdan artıq davam edən mətbuat konfransında qeyd etdiyi kimi erməni faşistləri Qarabağı tamamilə xarabazara çevirmişlər. Nəzərdə tutulan Fizuli, Kəlbəcər və Laçında hava limanlarının inşası kilometrlərlə avtomobil və dəmir yollarının çəkilişinə başlanılmışdır. İşğaldan azad olunmuş bölgələrdə elektrik enerjisi, içməli su təchizatı ilə bağlı, kənd təsərrüfatı işlərinin bərpasından sonra artıq bir milyondan artıq azərbaycan vətəndaşı doğma Qarabağa qayıdacaq. Məktəblər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət ocaqları fəaliyyətə başlayacaq.

Məlum olduğu kimi Sovet dövründən Qarabağ bölgəsi kənd təsərrüfatı inkişafı üçün ən əlverişli coğrafi mühütə malik olan bölgədir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsinin rəngarəng fəaliyyəti üçün zəngin imkanlar var və artıq müvafiq işlərin görülməsi artıq başlanıb.

Vətən müharibəsindən əvvəl Azərbaycan bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. Hal-hazırda dünyanın aparıcı enerji şirkətləri arasında bu istiqamətdə tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Mətbuat konfransında dövlət başçısının qeyd etdiyi kimi, təbii şəraitdən asılı olaraq Kəlbəcər-Laçın zonasında külək elektrik stansiyaları, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları yaradılacaqdır. Bu baxımdan Qarabağ “Yaşıl enerji” zonası elan edilib. Artıq əcnəbi tərəfdaşlarla ortaq layihələrin icrası ilə bağlı müvafiq strukturlara göstəriş verilib.

Əminik ki, Azərbaycan Respublikasının Prezidenti və Ali baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında “Böyük qayıdış” gözləniləndən daha qısa müddətdə həqiqətə çevriləcək və xalqımız uzun illərlə həsrətində olduğu doğma Qarabağa qayıdacaqdır.

Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov

 

Paylaşın: