ADPU-nun Şamaxı filialının mətbuat katibi Mehraliyeva Reyla.
Azərbaycan təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdi. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı. Bunun bir çox səbəbi var idi. Qarabağda Ermənistana məxsus 15 minə yaxın hərbiçi var idi. Üç il bundan əvvəl suverenliyimizi bərpa edərkən şahidi olduq ki, Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər;
Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Ancaq Azərbaycanın müraciətləri və bəyanatları lazımi şəkildə dəyərləndirilmədi;
Erməni separatçıları hazırda Azərbaycanın ədliyyəsinin hökmünü gözləyirlər. Ancaq zamanında təkliflərimizi rəd edən Erməni separatçıları bizi hədələyirdilər ki, buraya tank üzərində gələcəklər;
Qarabağda dırnaqarası hakimiyyəti inhisara götürmüş adamlar sülh ilə bağlı olan bütün təşəbbüsləri boğurdular;
İki hadisə baş verdi ki, bu, bizim üçün sonuncu, qırmızı xəttin keçilməsi demək idi. Birincisi, Ermənistanın baş nazirinin dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası müstəqilliyi münasibətilə təbriki idi ki, bu, Ermənistanın baş nazirinin dedikləri və imzaladığı ilə tam ziddiyyət təşkil edirdi. Çünki keçən ilin oktyabrında Ermənistanın baş naziri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdır və həmin ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik göndərmək tamamilə qəbuledilməz və ziddiyyətli idi. İkinci və sonuncu qırmızı xətt isə həmin hadisədən bir həftə sonra dırnaqarası dağlıq qarabağ respublikasının dırnaqarası prezidentinin seçkiləri idi ki, bu da İkinci Qarabağ müharibəsindən sonra əldə olunmuş şifahi razılıqların tamamilə pozulması oldu;
Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı;
İndi biz bir neçə beynəlxalq çağırışla üz-üzəyik. Təəssüflər olsun ki, tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük. Beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz;
Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin;
Azərbaycan əlindən gələni edirik ki, keçmiş məcburi köçkünlər üçün ən yaxşı şərait yaradılsın. Onlar buna layiqdirlər, çünki onlar 30 il ərzində çətin şəraitdə yaşayıblar. Burada söhbət təkcə fiziki durumdan getmir. Söhbət 30 il ərazində doğma evlərindən məhrum edilmiş insanların psixoloji vəziyyətindən gedir. Onlar geri qayıtmaq vaxtını gözləyirdilər və bu gün biz əraziləri azad etdiyimiz üçün əlimizdən gələn hər şeyi edirik ki, prosesi sürətləndirək;
Azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaqdır, o şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir;
Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır. İş yerlərinin yaradılması da vacib sahələrdəndir və biz qayıdış prosesini planlaşdırarkən diqqətimizi buna yönəldirik;
Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Onlar separatçıların liderləri tərəfindən manipulyasiya edilirlər. Biz onlara həmin ərazidə qalmaq və yaşamağa davam etmək üçün şərtlərimizi təklif etdik. Bu, tamamilə beynəlxalq hüquqa uyğun idi. Onların edəcəkləri yeganə iş Azərbaycan vətəndaşlığı üçün müraciət etmək idi. Onların hüquqları və təhlükəsizliyi məsələləri də nəzərə alınmışdı;
Reinteqrasiya istehza ilə qarşılandı, həm Ermənistan hakimiyyəti, həm də separatçılar tərəfindən. Həmin separatçılar ki, bu gün təcridxanada verdikt gözləyirlər;
Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi;
Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi bilinmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır;
Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb. Ordumuzu qurduq, digər çoxsaylı təhlükəsizlik infrastrukturu yaratdıq və hərbçilərimiz üçün çoxlu təlimlər təşkil etdik. Bu olmasaydı, biz hələ də ermənilərlə bilinmir nədən danışmağa davam edəcəkdik;
Bizim böyük potensialımız və geniş coğrafiyamız var. Nəhəng enerji ehtiyatlarımız var ki, bu gün milli təhlükəsizlik məsələsidir. Bu, əslində, mövcudluğun, müstəqil yaşayışın mənbəyidir. Bizim coğrafiyamız Avropadan Şərqi Asiyaya qədər uzanan ərazini əhatə edir. Bizim istifadə edə biləcəyimiz müəyyən infrastruktur var və biz ondan istifadə edirik;
İlkin mərhələdə birgə təhlükəsizliyimizin hansı şəkildə təmin edilməsi ilə bağlı konsensus olmalıdır. Bunun üçün bütün ölkələrin razılığı olmalıdır. Türk Dövlətləri Təşkilatı ölkələrinin milli təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi baxımından bunlara nail olmaq üçün yol xəritəsi hazırlanmalıdır;
Əraziləri azad etmək Prezident İlham Əliyevin siyasi həyatımın əsas məqsədini təşkil edir və bu məqsədlərə nail olunub;
Ölkəmiz sübut etdi ki, münaqişənin hərbi yolla həlli var. Sözügedən fakt Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir;
Münaqişə üç il əvvəl, biz işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edəndə həll olunmuşdu. Suverenliyimizin bərpası isə, sadəcə, zaman məsələsi idi;
Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı heç zaman olmayıb. İki şans var idi – ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq;
Otuz ildir işğala, dağıntılara, etnik təmizləməyə, soyqırımına məruz qalan və ərazisinin tamamilə dağıdılmasından əziyyət çəkən bir ölkə torpaqlarını beynəlxalq vasitəçilər olmadan məhz özü azad etdikdən dərhal sonra özü sülh təklif edib;
Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı bütün həqiqətləri bilməlidir. Azərbaycan “Madrid prinsipləri” adlanan və nizamlanma üçün əsas hesab edilən əksər müddəaları həyata keçirib;
Azərbaycan tərəfi bildirdik ki, sülh sazişi imzalamalıyıq və delimitasiya ilə bağlı komissiyalarımız olmalıdır. Ermənistan deyil, Brüssel deyil, Vaşinqton, Paris və ya Moskva deyil, bunu deyən edən Azərbaycan olub;
Sülh prosesi gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir. Azərbaycan sülh sazişinin prinsiplərini işləyib Ermənistana göndərdi. Sonra yenə sükut oldu və biz bunu ictimailəşdirdik, məşhur beş prinsipi açıqladıq;
Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var. Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır;
2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan indi “Qarabağ Azərbaycandır” deyir;
Rəsmi İrəvan hələ də öz ideologiyasını dəyişdirməyib. Ermənistan iqtidarı ilə müxalifətin fərqi yalnız ondan ibarətdir ki, Ermənistan hökuməti aydın başa düşür ki, əgər onlar bizim ərazi bütövlüyümüzə qarşı çıxmağa davam etsələr, arxasında kimin durmasından asılı olmayaraq, biz onları yenidən əzəcəyik, onların arxasında kimin dayanmasından və ya o məşhur, gözəl Avropa paytaxtında kimin onlara nə deməsindən asılı olmayaraq;
Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız enerji sahəsində əməkdaşlıqdan daha da genişdir. Baxmayaraq ki, bu əməkdaşlıq bizə özümüzü Avropada strateji əhəmiyyət kəsb edən güclü komanda kimi təqdim etməyə imkan verdi;
Türkiyənin uzun illər Aİ namizəd olmasına baxmayaraq, onu Avropadan uzaq tutmaq qətiyyən qəbuledilməz və ədalətsiz yanaşma idi;
Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı açıqlaması yalandır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq;
Azərbaycanın Avropada artan rolunu və enerji təhlükəsizliyin təminatında əhəmiyyətini göstərən Prezident İlham Əliyevin ritorik sualı: “Avropa İttifaqının enerji siyasətinə cavabdeh olanlardan soruşulmalıdır ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və biz buna necə cavab verdik?”;
Təəssüf ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Onların yürütdüyü siyasət və Azərbaycana olan münasibəti qəbulolunmazdır;
Ümumilikdə Avropa Komissiyası ilə Azərbaycanın çox gözəl münasibətləri var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və neft-qaz sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində də əməkdaşlıq edəcəyik;
Özbəkistan bizə qardaşcasına yardım və dəstək təklif edən ilk ölkədir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışı oldu bu, yenidənqurma işinə, həm də qardaşlıq münasibətlərimizə böyük töhfə oldu;
. Özbəkistanla nəqliyyat, enerji, investisiyalar, avtomobil sənayesi sahələrində çox geniş əməkdaşlıq gündəliyi hazırlanıb. Bu, həqiqətən də hər iki tərəfin fəxr edə biləcəyi və gələcək üçün böyük potensiala malik tərəfdaşlıqdır;
. Bakıdan Gürcüstan sərhədinə qədər olan dəmir yolunun yenidən qurulmasını artıq tam başa çatdırmışıq. İndi qatarın sürəti saatda 120 kilometrdir və bu da bir neçə il əvvəl ilə müqayisədə (50-60 km/s) daha sürətlidir. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan seqmentinin genişləndirilməsi də başa çatacaq. Bu da 100 milyon ABŞ dollarından çox olan, 100 faiz Azərbaycan investisiyasıdır. Bu seqmentdə maksimum bir neçə ay ərzində yükdaşımalar bir milyon tondan 5 milyon tona qədər genişlənəcək;
Orta Dəhlizin daha bir qolu olacaqdır – biri Gürcüstandan keçərək Qarsa və Aralıq dənizi limanlarına, digəri isə Zəngilan, İran, Naxçıvan və yenidən Türkiyə ərazisindən keçəcək. Beləliklə, bu, yeni yüklərin qəbulu üçün yeni imkanlardır. Həm də bu yol işğaldan azad edilmiş ərazilərdən, xüsusən də Zəngilandan keçəcək;
Qarabağın yenidən qurulmasında əsas maneə zaman və minalardır. Bizim rəqibimiz zamandır, çünki biz bu işləri ən qısa müddətdə həyata keçirmək niyyətindəyik. Bundan əlavə, Qarabağın yenidən qurulması üçün maliyyə vəsaiti toplamışıq və bu, investisiya proqramımızın əsas hissəsini təşkil edəcək;
Avropa İttifaqı Şurası və Avropa Komissiyası ilə müsbət kontaktlar var. Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının sədri, hər ikisi Azərbaycana səfər etmişdilər və biz aramızdakı əlaqələrə dair geniş müzakirələr aparmışıq. Bu, yalnız energetika sektoruna aid deyil. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqının payına düşür. Azərbaycan və Avropa İttifaqının doqquz üzvü arasında strateji tərəfdaşlığa dair bəyanatlar imzalanıb və ya qəbul edilib ki, bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu, onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Strateji tərəfdaş olmaq çox şey deməkdir, bu, əməkdaşlıq üçün böyük məsuliyyətdir;
Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləyib. Biz əvvəlcədən bəyanat layihəsini razılaşdırmalıyıq. Bu, Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında razılaşdırılmalıdır. Bu görüş yaxşı hazırlanmalı və nəticəyönümlü olmalıdır. Çünki nəticəyönümlü olmasa, həm xalqlarımıza, həm də beynəlxalq aləmə yanlış mesaj vermiş olarıq. Bu, bizim mövqeyimizdir və Brüsseldə anlayışla qəbul olunur;
Avropa Parlamentində bir qrup məsuliyyətsiz insan var ki, onlar özlərini manyak kimi aparırlar. Anti-Azərbaycan orkestrinin təşkilatçıları digər insanların düşüncələrinə təsir göstərirlər, onların beyinlərini “yumağa” çalışırlar. Onların anti-Azərbaycan hissləri və bəyanatları insanın normal psixoloji durumundan kənardır. Onlar Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul ediblər ki, onların da bizim üçün heç bir əhəmiyyəti yoxdur. Biz bunu təəssüf hissi ilə qarşılayırıq;
Azərbaycan xalqı hər zaman Prezident İlham Əliyevi dəstəkləyib. Ərazi bütövlüyümüzü bərpa etməkdə günahlandıranlar 10 milyonluq Azərbaycan xalqının əleyhinə danışırlar. Qərəzli danışanlar Qafqazdakı vəziyyəti yanlış şərh edir, dağıntılara və soyqırımına gözlərini yumurlar;
Keçən il oktyabrın 6-da keçirilən görüşdə Ermənistanın baş naziri rəsmi surətdə Qarabağı Azərbaycan ərazisi olaraq tanıdı. Odur ki, Praqa görüşünün nəticəsi müsbət kimi qəbul edilə bilər;
Praqa görüşündən cəmi bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi;
Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi var. Bundan əlavə, “Moskva istiqaməti” adlandırdığımız xarici işlər nazirləri arasında müzakirələr mövcuddur. ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Ancaq, Vaşinqton istiqaməti artıq aktual deyil;
Azərbaycanla Ermənistan arasında heç bir vasitəçilik olmadan ikitərəfli format ola bilər. Vasitəçilik hər iki tərəfin izah edə bilmədiyi bəzi ideyaların vasitəçi tərəfindən işlənib hazırlanması baxımından faydalı ola bilər. Beləliklə, vasitəçilik prosesi başa çatsa, bu, ikitərəfli formatda olacaq;
İki ölkə arasında razılaşma tam qarşılıqlı olmalıdır. Əgər rəsmi İrəvan saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır. Onların hüquq və təhlükəsizliyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi kimi eyni qaydada qorunmalıdır. Biz ya hər iki milli azlığı sülh müqaviləsində qeyd edirik, yaxud həmin məsələ ümumiyyətlə qeyd olunmur;
Əgər Ermənistan hesab edir ki, bizə sülh onlardan çox lazımdır, onlar yanılırlar. Biz sülhü onlar istədiyi qədər istəyirik. Əgər onlara bu lazımdırsa, onda bizə də lazımdır. Əgər onlara lazım deyilsə, onda bizə də lazım deyil;
Əgər rəsmi İrəvan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanımayacaqsa, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq;
Ermənistanın ərazi bütövlüyünü sual altına çəkməkdə bizim daha çox tarixi, siyasi və qanuni hüquqlarımız var. XX əsrin əvvəlində Cənubi Qafqaz xəritələri necə olduğunu hamı bilir. Onlar mövcuddur. Bolşeviklər 1920-ci ilin noyabrında Zəngəzuru Azərbaycandan götürərək Ermənistana veriblər və bu, Azərbaycanın sovetləşdirilməsindən altı aydan az müddətdə baş verib. Həmin ərazi hissəsi bizdən götürülmüşdür;
Biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın. Buna görə, biz Ermənistanın silahlanması məsələsini hər zaman qaldırırıq və hesab edirik ki, bu, əks nəticə verə bilər və təxribata sürükləyə bilər. Fransanın Ermənistana heç kəsin almaq istəmədiyi zirehli maşınların təchiz olunmasını müşahidə edirik. Onlar bizə hər hansı təhlükə ehtiva etmir. Lakin əgər görsək ki, zərərli ola biləcək hər hansı ciddi qurğu olarsa, biz cavab verməli olacağıq;
. Zəngilanda və digər yerlərdə tamamilə dağıdılmış yerlərdən fərqli olaraq, onların mənzilləri, evləri toxunmaz olaraq qalır. Erməni tarixi irsi tam qorunur. Hərbi polisimiz çox mühüm yerləri, o cümlədən insanların mülkiyyətini qoruyur;
Ermənistan kəndlərimiz haqqında məlumatı əldə etmək üçün elektron reinteqrasiya portalını yaratmalıdır. Azərbaycanlıların yaşadıqları kəndlərin əksər hissəsi ya dağıdılıb, ya boş qalıb. Ermənistanda çətin demoqrafik vəziyyətdən irəli gələrək, onlar istədiyi kimi Azərbaycan kəndlərində məskunlaşmanı təşkil edə bilmirlər. Bəzilərində onlar yaşayır və lakin onların əksər hissəsi boşdur. Yəni, ən azı azərbaycanlılara həmin yerlərə getmək, görmək və ziyarət etmək imkanını yaratmalıdırlar;
. Bəyanatının doqquzuncu maddəsində aydın şəkildə qeyd olunur ki, Azərbaycanın qərb rayonları və Naxçıvan arasında bağlantı təmin edilməlidir və hətta yazılır ki, orada nəzarət və təhlükəsizliyi kim təmin edəcək. Bunu cənab Paşinyanın özü imzalayıb. İndi isə o, nə bu marşrutu, nə də ki, Rusiyanın bu işdə iştirakını istəyir;
Sovet vaxtında mövcud olmuş 42 kilometrlik dəmir yolu nəinki tikinti üçün hazır deyil, onun heç texniki əsaslandırma işləri başa çatdırılmayıb. Bəlkə, ümumiyyətlə başlamayıb. Bu, o deməkdir ki, onlara bu yol lazım deyil;
Keçidin tikilməsi məqsədilə İran tərəfi ilə razılığa gəldik. Artıq hər iki ölkənin hökumət rəsmiləri avtomobil körpüsünün tikintisi ilə əlaqədar Zəngilan rayonunun Ağbənd kəndində təməlqoyma mərasimində iştirak ediblər. Sonradan dəmir yolu körpüsü də salınacaq;
Ermənistan özünü Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir, çünki hazırda onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur. Gürcüstan yolu isə separatçı Abxaziya regionuna görə bağlıdır. Onların Azərbaycan vasitəsilə də yolu yoxdur. Türkiyə ilə dəmir yolu və sərhədi də bağlıdır;
Azərbaycanın əsas ərazisindən Naxçıvana asan çıxış olmalıdır. Azərbaycandan Azərbaycana yoxlamalar, müdaxilə olmalı deyil və bu, bizim legitim hüququmuzdur;
Prezidentin xüsusi nümayəndələr institutu yaradılıb. Bu vaxta qədər dörd nümayəndə var. Onların sayı daha çox olacaq. Bu, tamamilə yeni idarəçilik üsuludur və həmin müsbət təcrübə, ola bilsin, ölkənin qalan hissəsində də tətbiq edilsin;
Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası kimi elan etdikdən sonra növbəti addım Naxçıvan Muxtar Respublikasında atıldı. Hazırda Naxçıvanda 1500 bərpaolunan enerji mənbəyinin tikintisi planını tərtib etmişik. Naxçıvan Muxtar Respublikası üçün xüsusi dövlət inkişaf proqramını qəbul etmişik. Həmin proqram bir növ “Böyük Qayıdış” adlanan Qarabağ və Şərqi Zəngəzur proqramına bənzəyir;
Bu gün neft və qaz kəmərləri, dəmir yolları daxil olmaqla, Gürcüstan və Azərbaycanın böyük sərvətləri var, elektrik xətləri çəkiləcək, ticarət əlaqələri inkişaf edir, təhlükəsizliklə bağlı məsələlər həll olunur. Son 30 illik müstəqillik dövründə Gürcüstanın və Azərbaycanın inkişafı hər iki ölkənin inteqrasiya səviyyəsini, hər iki ölkədə ümumi qarşılıqlı və faydalı layihələrin həyata keçirilməsini və hər iki ölkənin ayrı-ayrılıqda hərəkət etmək əvəzinə, birlikdə Avropa üçün necə daha vacib olmasını göstərir;
Sülh sazişi, əlbəttə ki, əsas şərtdir, lakin yeganə şərt deyil. Onlar bizim indi bir-birimizi tərəfdaş kimi qəbul etdiyimizi nümayiş etdirməlidirlər. Paralel olaraq barışıq prosesi getməlidir. Ziyalılar, ictimai rəyə təsir edə biləcək insanlar arasında təmaslar daha çox olmalıdır və daha az nifrət nümayiş etdirilməlidir;
-Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma rəsmi İrəvan buna mane olurdular;
Bütün cəmiyyətin milli ideya ətrafında cəmləşməsi baş verməsəydi, Qələbə mümkün olmazdı;
Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırdır. Tezliklə Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcək ölkələrdən biri kimi müsabiqədə iştirak üçün ərizə verməsi barədə yaxşı xəbərimiz ola bilər. Sovet İttifaqının süqutu ilə Azərbaycanda neft-qaz infrastrukturu tamamilə dağıldı, neft hasilatında kəskin azalma oldu, Bakıətrafı ərazilərdə sanki ekoloji fəlakət baş vermişdi. İndi isə Olimpiya Stadionuna, Su İdmanı Sarayına baxanda onların yerləşdiyi ərazilərdə vəziyyətin əvvəl necə olduğunu təsəvvür etmək çox çətindir. O ərazilərin hamısını neft gölləri basmışdı. Onları təmizləmək üçün çoxlu vəsait xərcləməli olduq və nümayiş etdiririk ki, biz yalnız istehsal etmirik, həm də ərazini təmizləyirik. Eyni zamanda, bizim ətraf mühitə məsuliyyətli yanaşmamıza dəlalət edən amillər arasında 2,6 trilyon kubmetr həcmində təbii qaz yataqlarının olmasını, mövcud boru kəmərləri şəbəkəsi və neft yataqları sayəsində enerji təhlükəsizliyimizi tam təmin etdiyimizə baxmayaraq, bərpaolunan enerji mənbələrinə sərmayə qoymağımız da qeyd oluna bilər;
Əgər biz elektrik enerjisi istehsalı üçün təbii qaz istehlakını yalnız bərpaolunan enerji resursları hesabına 50 faiz azaltsaq, daha 2,5-3 milyard kubmetr qazı bu saat ehtiyacı olan Avropaya göndərə bilərik;
İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət göstərən şirkətlərlə bağlı hüquqi prosedurlar İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra başlanılıb. Xüsusilə mədənçilik, qızıl və digər qiymətli metalların hasilatı ilə məşğul olan şirkətlərlə bağlı lazımi proseduralar görülür;
Təbii sərvətlərimizi qanunsuz şəkildə mənimsəyənlərin məsuliyyətə cəlb edilməsi üçün artıq üç ilə yaxındır ki, müxtəlif hüquq şirkətləri ilə fəal iş aparırıq. Hazırda işğaldan yeni azad edilmiş ərazilərdə vəziyyətin qiymətləndirilməsi üzrə iş gedir. Müxtəlif dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi qrupumuz kəndbəkənd, sahəbəsahə gəzərək ərazilərin monitorinqini davam etdirir, ekoloji ziyanı qiymətləndirir;
Xüsusilə Kəlbəcər, Laçın və Zəngilan meşələrinə daha çox ziyan dəyib. 60 min hektardan çox ərazidə ağaclar kəsilib. Bunu həmin ərazilərin əvvəlki və sonrakı vəziyyətini əks etdirən peyk şəkilləri, habelə fiziki monitorinqimizə əsaslanan təhlil də göstərir;
Təbii ki, transsərhəd çayların, xüsusən də Zəngilan ərazisindən keçən Oxçuçayın bəzən sarı rəngə boyanması böyük narahatlıq doğurur. Bu, həqiqətən də ekoloji fəlakətdir. Hazırda əsas qayğımız 2020-ci ildə işğaldan azad edilmiş ərazilərə dəyən ekoloji zərərin düzgün qiymətləndirilməsidir;
Hazırda Azərbaycan Mərkəzi Asiya ölkələrinə, ilk növbədə, Qazaxıstana və Türkmənistana tranzit xidməti göstərir. Xəzərin şərq hissəsindən gələn tranzit yüklərin böyük hissəsi bu iki ölkədən, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən, qismən də Çindən gəlir;
Hazırda gəmiqayırma zavodumuzun genişləndirilməsi potensialının qiymətləndirilməsi üzrə iş aparılır. Əldə olunan çox nikbin məlumata görə, bu zavodda artıq bütün növ gəmilər istehsal etmək mümkündür. Hazırda burada ildə 12 min ton tutumlu 6 tanker istehsal etmək olar. Təkmilləşdirmə işləri nəticəsində bu göstəricini 10-15 tankerə çatdırmaq mümkün olacaq;
Azərbaycandan Gürcüstana, oradan isə Avropaya uzanan bir marşrut. Azərbaycan ərazisindən də keçən və bizim ərazimizdə tam hazır olan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində fəal işləyirik. Hazırda bizə yalnız Şimal-Cənub xəttinin ötürücülük qabiliyyətini artırmaq lazımdır. Bu marşrut da Körfəzdən Azərbaycana, buradan da Gürcüstana qədər uzanan Cənub-Qərb marşrutu kimi Orta Dəhlizin bir hissəsi ola bilər;
Dördüncü Sənaye İnqilabının həyatımıza sürətli müdaxiləsi ilə müşayiət olunacaq çağırışların, xüsusilə məşğulluqla bağlı çağırışın idarə edilməsi üzərində fəal işlər aparılır. Azərbaycanın peyklər və gələcəkdə həyata keçiriləcək layihələr sayəsində kosmik sənayenin inkişafı ilə bağlı artıq müəyyən təcrübəsi var. Bizim texnoloji transformasiyaya hazırlığımızı nümayiş etdirən amillərdən biri də ondan ibarətdir ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı Dördüncü Sənaye İnqilabı üzrə mərkəzinin yerləşdiyi ölkə kimi seçmişdir. Bu mərkəzin açılışı bir neçə il bundan əvvəl olmuşdur. Bu mərkəzin Qafqazı və Mərkəzi Asiyanı əhatə etməsi bizi fərəhləndirir;
Azərbaycanda müsbət demoqrafik vəziyyət mövcuddur. Bu amil məşğulluq məsələsi üzərində işləməyə məcbur edir. Müstəqillik dönəmində əhalimiz yeddi milyondan on milyona və hətta bundan da çox artdı. Beləliklə, məşğulluq bizim üçün iqtisadi və sosial inkişafın çox mühüm amilidir;
Mərkəzi Asiya ölkələrində yaşıl enerjini istehsal etmək üçün çoxlu investisiya layihələri mövcuddur. Neft və qaz layihələri tamamlananda, indi nəhəng yaşıl hidrogen və yaşıl enerji layihələrinə start verdikdə, Avropaya nəqletmə və ixrac imkanları, həmçinin Mərkəzi Asiya ilə potensial bağlantı imkanı nəzərə alınmalıdır;
Ölkəmizin daxili vəziyyəti xarici amillərdən asılı deyil. Buna baxmayaraq, sərhədlərimizin xaricində olan vəziyyət həmişə ciddi narahatlıq doğuran bir məsələdir;
. Dövləti sıfırdan qurmaq asan deyildi, xüsusilə maliyyə resurslarının məhdud olduğu və siyasi sabitliklə məşğul olduğunuz bir vəziyyətdə;
-Son illərdə Mərkəzi Asiya ölkələri bir-birinə daha çox inteqrasiya etdi. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çox yaxşı və dost münasibəti var;
Avropadan Mərkəzi Asiyaya gedən yol Azərbaycandan keçir. Bizim qarşımızda bir maneə var, o da Xəzər dənizidir. Lakin müasir texnologiya, qurduğumuz donanma ilə bu maneə olmayacaq;
Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi sona çatır. Bu dörd il Qoşulmama Hərəkatının institusional inkişafı baxımından bizim üçün çox vacib olmuşdur. 119 üzv ölkə ilə təmaslar və Zirvə görüşlərinin təşkili baxımından Qoşulmama Hərəkatı böyük tərəqqi, həm də böyük beynəlxalq təcrübə əldə etmişdir;
Mina terroru davam edir. Biz hələ də insanları, həyatları itiririk və demək olar ki, hər həftə bizdə xəsarət alanlar olur. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar;
Balkan ölkələrinin təcrübəsi onu göstərir ki, hətta 30 il sonra onlar mina problemini yaşayırlar. Sabiq məcburi köçkünləri həmişə doğma yurdlarına geri göndərdikdə onlara verdiyimiz əsas mesaj ondan ibarətdir ki, ehtiyatlı olun və girişi məhdudlaşdırılan ərazilərə getməyin. Girişi məhdudlaşdırılan bütün ərazilərin sərhədləri var, orada nişanlar var. Buna görə beynəlxalq təsisatlar bu məsələyə dəstək göstərərsə, biz çox şad olardıq. Çünki bu məsələdən təkcə Azərbaycan əziyyət çəkmir.