ADPU-nun Şamaxı filialının mətbuat katibi Mehraliyeva Reyla.

 COP29 çox böyük məsuliyyətdir. Biz hazırlığın fəal mərhələsindəyik. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir;

Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa, görəcəksiniz ki, Laçın tamamilə yaşıldır. Bu gün irimiqyaslı inkişaf gedir, Laçın şəhərinin və onun yaxınlığındakı bir kəndin yenidən qurulması sizə Qarabağın və Şərqi Zəngəzurun gələcəkdə tam bərpa edilmiş simasının şahidi olmaq imkanı verəcək. Ötən ilin may ayında mən 30 ildən sonra oraya qayıdan Laçın şəhərinin ilk sakinlərinə evlərinin açarlarını təqdim etdim. Hazırda isə növbəti sakinlər oraya qayıdırlar və doğma yurdlarına geri qayıtmaq arzusunda olan məcburi köçkünlərin faiz nisbəti gözlədiyimizdən də artıqdır. Hətta oranı heç vaxt görməyən gənc nəsil belə orada olmaqdan həzz alır. Bu, Azərbaycan xalqının öz köklərinə həqiqətən də nə qədər bağlı olduğunu nümayiş etdirir. Laçının azad edilməsi də bizim güclü siyasi iradəmizin göstəricisi idi. Laçının böyük hissəsi siyasi vasitələrlə azad edilib.  Hazırda isə biz siyasi yolla davam edirik. Əminəm ki, biz bütün məqsədlərimizə siyasi vasitələrlə nail ola bilərik və məhz bunu nümayiş etdiririk;

Biz həm Prezident, həm də Baş nazir səviyyəsində Avrasiya İqtisadi İttifaqının tədbirlərinə dəvət edilmişik. Mən bir dəfə fəxri qonaq qismində belə tədbirdə iştirak etmişəm və əslində, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi İttifaqının bütün üzvləri ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var. Yəni, bizim üçün bu ölkələr qrupu qeyri-adi deyil, biz onları çox yaxşı tanıyırıq. O ki qaldı, Avrasiya İqtisadi İttifaqı ilə daha sıx əməkdaşlıq planlarına, Azərbaycan özünü təmin edən iqtisadiyyata malikdir və hətta böhran dövründə dayanıqlı artım nümayiş etdirir. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir və hazırda ÜDM-in 8 faizindən aşağıdır. Biz bu göstərici üzrə aparıcı dövlətlər sırasındayıq. Dayanıqlı, daxili resurslara söykənən və şaxələndirilmiş iqtisadiyyata, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərlə yaxşı ikitərəfli iqtisadi əlaqələrə malik olmağımız bizə kifayət edir. Əlavə inteqrasiyanın praktiki üstünlüklərini görsək, əlbəttə ki, bunları dəyərləndirəcəyik. Üstün və mənfi cəhətlərini dəyərləndirib düzgün qərar qəbul edəcəyik. Hazırda bizim belə planlarımız yoxdur. Lakin gələcəkdə bunu nəzərdən keçirməyəcəyimizi deyə bilmərik. Hər şey yaxınlaşmanın hansı əlavə iqtisadi faydanın verəcəyindən asılı olacaq. Belə bir üstünlük görsək, qərar qəbul edəcəyik. Əks təqdirdə, bugünkü vəziyyət bizi qane edir;

Azərbaycan-Almaniya əlaqələrinə gəldikdə deyərdim ki, son ay ərzində biz daha fəal təmaslar görürük. Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir. Burada qarşılıqlı iqtisadi maraq mövcuddur. Bu yaxınlarda mən Almaniyanın işgüzar dairələrini təmsil edən bir qrup nümayəndə – Alman İqtisadiyyatının Şərq Komitəsinin üzvləri ilə görüşmüşəm. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var. Əlbəttə ki, siyasi təməl hər zaman vacibdir. İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir və ölkələrarası əlaqələr sabitdirsə, biznes bunu rəhbər tutur. Hətta deyərdim ki, hazırda biz ikitərəfli münasibətlərimizin ən fəal dönəmlərindən birindəyik və bunu çox müsbət qiymətləndiririk;

Keçən ilin sentyabrından 9 ay ötür və görün nə qədər heyranedici hadisələr baş verib. Bu səhər bu haqda söhbət edirdik – Azərbaycan bütün ərazisində suverenliyini bərpa etmək üçün nəhəng addımlar atdı, bu ərazilərdə innovativ texnologiyalar tətbiq edilir və yaşıl enerji zonaları yaradılır, ağıllı şəhər və kəndlər qurulur və COP29. Qazaxın kəndləri geri qaytarıldı, Rusiya sülhməramlıları Azərbaycanı tərk edir. Yəni, inanılmaz hadisələr baş verdi;

Biz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaq fürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur. Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, ev sahibliyi etməyin üstünlüklərindən biri on minlərlə qonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti buraya ilk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha az vaxtda vəziyyəti qiymətləndirmək imkanı əldə edəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necə görürlər və bizim planlarımızın nədən ibarət olduğunu öyrənəcəklər;

Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsində COP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünki burada Ermənistan vetosunu aradan qaldırdı və biz də qarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-dan və ötən dekabrdan getmir. Burada aramızda etimadın yaranmasından söhbət gedir. Çünki ən böyük çağırış qarşılıqlı etimadın olmaması və ya onun çox aşağı səviyyədə olmasıdır. COP29-un Azərbaycanda keçirilməsi münaqişənin həll olunmasının və sülh danışıqlarında irəliləyişin nəticəsidir;

Əslində, danışıqlar məhz həmin prinsiplər əsasında başlanıldı. Ermənistan bəzi digər mövzular əlavə etdi və bu, başlıca maneə yaratdı. Çünki onlar iki suveren ölkə arasında olan sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdilər. Bu, bizim üçün tamamilə qəbuledilməz idi, çünki dırnaqarası “Dağlıq Qarabağ” Azərbaycanın Qarabağ regionu olub və olacaq, bu, Azərbaycanın daxili məsələsidir. Bu, irəliləyişə nail ola bilməməyimizin başlıca səbəbi idi. Onlar bütün bu dövr ərzində həmin müddəanın daxil olunmasını israr edirdilər, bu isə bizim üçün tamamilə qəbuledilməz idi və biz razılığa gələ bilməyəcəyimizi görürdük. Bu, ötən ilin sentyabrına – suverenliyimizi tam bərpa edənədək davam etdi. Lakin burada növbəti problem yarandı. Ermənistan tərəfi fasilə yaratdı və ən azı iki ay bizim şərhlərə münasibət bildirmədi. Çünki bizim şərhlərin mübadiləsi praktikası var, hər iki ölkənin xarici işlər nazirləri bununla müntəzəm məşğuldur və bu günədək saziş layihəsinə dair şərhlərin 7-8 dəfə belə mübadiləsi baş tutub;

Qazaxıstan tərəfi Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün təşkili ilə bağlı bizə müraciət edib. Biz buna razılığımızı vermişik və Ermənistan da buna razı olsa, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü Qazaxıstanda baş tuta bilər. Burada bir məqama aydınlıq gətirmək istərdim. Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik;

COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri – Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük;

Azərbaycanda 1994-cü ildən bəri bütün neft əməliyyatları beynəlxalq ətraf mühit mühafizəsi standartlarına əsasən aparılır. Bizim əsas investorlarımız dünyanın aparıcı enerji şirkətləridir və sözsüz ki, hər kəs onların ətraf mühitə diqqət yetirdiyinin yaxşı bir nümunə olduğunu bilir;

 Qoşulmama Hərəkatına dörd il ərzində sədrlik etməklə Azərbaycan özünə çoxlu etibarlı dost qazandı. Azərbaycanın da daxil olduğu Qlobal Cənub ölkələrinə bu gün xüsusi diqqət lazımdır. Əlbəttə ki, iqlim məsələləri ilə bağlı fikir ayrılığının bir səbəbi inkişaf etmiş, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrin məsuliyyətidir. Bu ortaq məsuliyyət ədalətli olmalı və əlbəttə ki, iqlim problemlərinə mənfi təsir açıq şəkildə müzakirə edilməlidir;

 Neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk;

 Avropaya qaz təchizatımız 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur;

 Qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik. Biz artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq;

Çin-Azərbaycan münasibətləri uğurla inkişaf edir. Çinlə münasibətlərimiz çox uğurla, qarşılıqlı hörmət və dəstək, hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsasında inkişaf edir. Azərbaycan Tayvanda seçkilərə münasibətini bildirən ilk ölkələrdən biri olmuşdur. Biz nəinki təkcə bu məsələ ilə bağlı narahatlığımızı bildirdik, biz, eyni zamanda, bu seçkiləri qınadıq. Bizim “vahid Çin” siyasətimiz çinli tərəfdaşlarımıza çox yaxşı məlumdur və Çin də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir;

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə arasında nəqliyyat əlaqəsi olmalıdır. Üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır. Zəngəzur dəhlizinə gəlincə, qeyd etdiyiniz kimi, bu, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda açıq şəkildə əks olunub. Bəli, “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və yenə də deyirəm, onlar bunu özləri imzalayıblar. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil;

 Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk edirlər. Rusiya sülhməramlılarına gəlincə, Rusiya və Azərbaycan prezident administrasiyaları tərəfindən artıq açıqlama verilib ki, onlar Azərbaycanın Qarabağ regionunu vaxtından əvvəl tərk edirlər. Bu, Rusiya və Azərbaycan liderlərinin birgə qərarı idi. Beləliklə, əminəm ki, bu qərar bizim əlaqələrimizi, həmçinin ikitərəfli əlaqələrin ictimaiyyət tərəfindən qəbulunu və qiymətləndirilməsini gücləndirdi. Çünki bu onu göstərir ki, ölkələrin normal kommunikasiya kanalları olanda, onlar bir-birinə hörmət bəsləyəndə, əməkdaşlıq edəndə, bir-birinə qarşı heç nə etməyəndə ən həssas məsələlərlə bağlı razılığa gələ bilərlər və bu nümunə bunun bariz göstəricisidir. Dünən biz Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmununu bir daha təsdiqlədik və əminəm ki, bu, bizim ölkəmizin, Rusiyanın və regionun xeyrinədir;

Rusiya Azərbaycanın qonşusudur və bu ölkə ilə müxtəlif sahələrdə bizim çox fəal əməkdaşlığımız var. Dünən Prezident Putinlə görüş zamanı biz həmin məsələləri, iqtisadi əməkdaşlığımızı və xüsusən də daşımalar sahəsində işbirliyimizi geniş şəkildə müzakirə etdik. Əlbəttə ki, əməkdaşlığın böyük hissəsi humanitar sahəyə aiddir;

COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında razılaşmanın, ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır. Baza prinsipləri ilə bağlı razılığa gəlmək və sonra məzmunun təfərrüatlarına daha çox vaxt ayırmaq da bir variantdır. Lakin hətta layihə hazır olsa da, düşünürəm ki, bunun üçün hər iki tərəf gərgin işləməli və ola bilsin görüşləri bir gün deyil, bir neçə gün keçirməlidir;

 Sərhədlər delimitasiya olunmalıdır. Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq;

Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik;

 Ən yaxşı sərmayə təhsilə, gənc nəslə yatırdığımız sərmayədir. Bu, bizim üçün əsas prioritetlərdən biridir. Bizim beynəlxalq tərəfdaşlarla xüsusi proqramlarımız var. Gənc nəslimizin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi Prezident proqramı mövcuddur. Eyni zamanda, Azərbaycanda yüksək səviyyədə təhsil prioritetdir. Biz, həmçinin hər ikisini bir araya gətirməyə çalışırıq və hazırda xaricdə təhsil Prezident proqramı əsasında maliyyələşdirilir;

 Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq;

Ermənistan danışıqlardan yalnız işğalı möhkəmləndirmək və işğalı de-fakto əbədi etmək üçün istifadə edib.1992-ci ildən 2020-ci ilə qədər danışıqlar prosesində olmuşuq, əslində isə Ermənistan bu danışıqlardan yalnız işğalı möhkəmləndirmək və işğalı de-fakto əbədi etmək üçün istifadə edib. Biz Ermənistanın ərazisini istəmirik, bizim istədiyimiz yalnız öz ərazilərimizin tam və əbədi nəzarətimizdə olmasıdır;

 İtaliya bizim ən yaxın tərəfdaşlarımızdan və dostlarımızdan biridir. Avropa İttifaqında nəinki yaxşı və etibarlı tərəfdaşdır, bizim çox fəal siyasi əlaqələrimiz var. Mənim İtaliyaya səfərlərim və İtaliya Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gözəl nümunəsidir. Bu gün İtaliya Qarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərən aparıcı ölkələrdən biridir. Yaşıl enerji ilə bağlı biz İtaliya şirkətləri ilə işləməkdən məmnun olacağıq;

 Biz iqtisadiyyatımızı artıq müəyyən dərəcədə şaxələndirə bilmişik. Hazırda neft və qaz ümumi daxili məhsulun yarıdan azını təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazdır. Beləliklə, bizim əsas məqsədlərimizdən biri hazırda ixracımızı şaxələndirməkdir. Bu, asan olmayacaq. Çünki dediyim kimi, qaz hasilatı və ixracı artacaq. İqtisadiyyatın digər sahələrində ixrac üçün bizə bazarlar lazımdır. Bizim problemimiz ondan ibarətdir ki, müəyyən məhdudiyyətlər və kvotalar səbəbindən Avropa bazarına, Avropa İttifaqının bazarına və sair yerlərə asan çıxışımız yoxdur. Bizim üçün əsas bazarlar qonşu ölkələrdir. İlk növbədə, Rusiya qeyri-enerji məhsulları üçün əsas bazarımızdır və həm də Türkiyə. İxracımızı şaxələndirmək üçün təkcə məhsul istehsal etmək kifayət deyil, bizim çıxışımız da olmalıdır. Bunun üzərində işləyirik;

-Ermənistan və Türkiyə münasibətlərinin normallaşması dəstəkləyirik. Biz açıq şəkildə bildirdik ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına tərəfdarıq. Yəqin bilirsiniz ki, Ermənistanın təkcə Azərbaycana deyil, Türkiyəyə də ərazi iddiaları var və bu məsələ də mütləq həll olunmalıdır;

 Biz heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymuruq. Biz heç vaxt qarşıya çata bilinməyən hədəflər qoymuruq. Ona görə də biz heç vaxt Aİ-yə üzv olmağı qarşıya hədəf qoymuruq. Biz aydın başa düşürdük və başa düşürük ki, bu, real deyil və heç vaxt olmayacaq, biz onların tələb etdikləri hər şeyi etsək belə. Türkiyə buna gözəl nümunədir. Türkiyə namizəd olduqdan sonra bir çox ölkə Avropa İttifaqına qəbul edildi. Amma Türkiyə əhalisinin müsəlman olması səbəbindən qəbul edilmədi, gəlin, çox ədalətli olaq. Biz həmişə çox açıq danışırıq. Türkiyənin bəzi meyarlara uyğun olmadığını söyləmək isə tamamilə əsassızdır. Biz əməkdaşlığa hazırıq, lakin qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara əsaslanırıq;

 Müharibələr gec-tez bitir. Biz 1994-cü ilin mayında atəşkəs sazişini imzalayanda, əslində, müharibə dayanmadı. Beləliklə, Rusiya ilə Ukrayna arasında oxşar bir vəziyyət ola bilər. Əgər onlar müharibənin aktiv fazasını dayandırmaq barədə razılığa gəlsələr, bu, müharibənin dayandırılmasına zəmanət olmayacaq. Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun Azərbaycan tərəfindən bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım – bəli, silah – yox;

 Biz bu coğrafiyada yaşamağa, təhlükəsizliyimizi, dövlətçiliyimizi, həyat tərzimizi qorumağa öyrəşmişik. Mən dəfələrlə müxtəlif auditoriyalarda demişəm ki, Azərbaycanda faktiki olaraq hər hansı ciddi potensial riskimiz yoxdur. Qarşılaşa biləcəyimiz bütün potensial risklər xaricdən gələ bilər. Biz nə etməliyik – qapılarımızı çətinlik törədənlərə bağlı, sadiq qonaqlara açıq saxlamalıyıq;

Biz kağızlara əsaslanan dünyada yaşamırıq. Əlimizdə 28 il ərzində kağızımız var idi. Dünyada ən nüfuzlu olan BMT Təhlükəsizlik Şurasının qətnaməsi idi. Nə olsun? Buna kim əhəmiyyət verirdi? Qoşunlarını çıxarmağı Ermənistandan tələb edən həmin qətnamələri qəbul edənlər belə onların həyata keçirilməsi üçün heç bir iş görmədilər. Bu qətnamələrlə nə etmək lazımdır? Özümüzü bu qətnamə ilə əhatə etməli idik. Biz silahı götürüb ölməyə getdik, elə də etdik;

 Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz. Biz sərmayə qoymağa və tikintiyə başladıq. Dediyim kimi, təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq;

 100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı qazla təmin edəcəyik. Nəhəng təbii qaz yataqlarına malik olmaq bizim üçün ən azı 100 il ərzində özümüzü və müvafiq tərəfdaşlarımızı təmin etməyə kifayət edəcək. Biz, eyni zamanda, bərpaolunan enerji mənbələrinə investisiyalar cəlb etdik. Sadəcə, onu qeyd edim ki, Günəş və küləyin olması bizim üçün böyük bir vəsilədir. Təxminən ildə 300 gün külək əsir, amma indi o, Xəzər dənizindən nəinki təmiz hava, həm də təmiz enerji gətirəcək;

 Biz Çini nəqliyyat vasitələri təmin edən əsas tərəfdaşımız hesab edirik. Bir neçə Çin şirkəti ilə çox məhsuldar danışıqlar apardıq. Düşünürəm ki, artıq qərar BYD şirkətinin xeyrinə verilib, o, tezliklə elektrik avtobuslarının və digər nəqliyyat vasitələrinin istehsalına başlayacaq. Həmçinin düşünürəm ki, əməkdaşlığımızda ilk addım kimi BYD-dən xeyli sayda elektrik avtobuslarının alınması üçün müqavilə də imzalanıb və ya tezliklə imzalanacaq. Eyni zamanda, bildiyimə görə, dövlətimizin Azərbaycanda istehsalatdan alacağı zəmanətli sayda elektrik avtobusları da var;

 Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük;

Turistlərin sayı ildən-ilə artır. Yəqin ki, bu il Azərbaycana daxil olan xarici qonaqların sayı COVID-dən əvvəlki səviyyəyə çatacaq. Bu ilin ilk üç ayında ölkəyə gələn əcnəbilərin sayı 24 faiz artıb. Beləliklə, bu tendensiya ilin sonuna qədər davam edərsə, Azərbaycana üç milyondan çox əcnəbi gələcək ki, bu da COVID-dən əvvəlkindən çoxdur;

 Münaqişədən sonrakı yenidənqurma ilə bağlı məsələdə bizə kömək edən tərəfdaşlara minnətdarıq. Münaqişədən sonrakı yenidənqurma ilə bağlı bu ən mühüm məsələdə bizə kömək edən Böyük Britaniyaya və digər tərəfdaşlara çox minnətdarıq. Təəssüf ki, Azərbaycana qarşı müharibə davam edir. Mən Rusiya-Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən dedim ki, atəşkəs, hətta müharibənin bitməsi son deyil;

Mina problemi davam edir. Müharibədən sonra minaların partlaması nəticəsində 350-dən çox insan həyatını itirib və ya ağır yaralanıb. Onların əksəriyyəti mülki şəxslərdir. Təəssüf ki, bu rəqəm artacaq, çünki Ermənistanın əllərində olmadığına görə bizə verməkdən imtina etdiyi və nəhayət verməyə razılaşdığı qeyri-dəqiq mina xəritələri əldə etmişik. Dəqiqlik müxtəlif hesablamalardan asılıdır və təxminən 25 faizə bərabərdir. Minatəmizləmə həm də yenidənqurma üçün ən böyük maneədir;

 Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq. Ukraynaya münasibətdə bu ölkənin ərazi bütövlüyünə dəstəyimiz dəfələrlə ifadə olunub və bu, bizim mövqeyimizdir, harada danışdığımızdan asılı olmayaraq, bunu gizlətmirik. Eyni zamanda, Rusiya ilə dostluq və strateji tərəfdaşlıq münasibətlərimiz də bu müharibədən əziyyət çəkməyib və zərər görməməlidir. Bu da bizim milli maraqlarımızı əsas götürən hökumətimizin mövqeyidir;

 Biz Fələstin xalqının öz dövlətinə sahib olmaq istəklərini tam dəstəkləyirik. Biz müxtəlif qurumlarda, o cümlədən İslam Əməkdaşlıq təşkilatlarında təşəbbüslərlə çıxış etmişik və ya bir çox hallarda müxtəlif tədbirlərdə iştirak etmişik. Biri digərini istisna etməməlidir. Ədalətli olmalısan, addımlarını, bəyanatlarını beynəlxalq hüquq əsasında qurmalısan. Hər şeyi milli maraqlara uyğun etməli, milli maraqlara zidd heç nə etməməlisiniz.

Paylaşın: