ÇİÇƏKLƏNƏN AZƏRBAYCAN TARİXİ ƏDALƏTİ DƏ BƏRPA EDİR –
ZƏNƏGƏZURA QAYIDIRIQ!

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından keçən illər ərzində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il 20 aprel tarixində Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədən də aydın olduğu kimi, 2004-cü ildən bəri davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş müxtəlif dövlət proqramları qəbul edilmişdir. Burada əsas məqsəd regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, eləcə də yoxsulluğun aradan qaldırılmasıdır.

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətləri daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikası regionlarının “2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramı çərçivəsində ölkədə regionların inkişafı ilə əlaqədar tənzimlənmə sisteminin, o cümlədən mütərəqqi texniki avadanlıqlar və texnologiyaların tətbiqi əsasında yerli iqtisadi (təbii-iqtisadi, istehsal-texniki və elmi-texniki) potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə tam cəlb olunması, buna uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və səmərəliliyinin yüksəldilməsi hesabına rəqabətqabiliyyətliliyinin artırılması, sahibkarlığın inkişafı, məhsul və xidmət istehsalı, satışı və istehsal vasitələri bazarında rəqabət mühitinin daha da sağlamlaşdırılması, maliyyə resurslarına və bazara çıxış imkanlarının asanlaşdırılması, istehsal, sosial və bazar infrastrukturunun modernləşdirilməsi, sosial xidmətlərin aztəminatlı insanlar üçün əlçatanlığının təmin edilməsi, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, təbii ehtiyatlardan daha da səmərəli istifadə olunması və ekoloji təhlükəsizliyin qorunması üzərində nəzarətin möhkəmləndirilməsi və bu kimi digər istiqamətlərdə kompleks işlərin görülməsi nəzərdə tutulur.

Təbii ki, milli maraqların təmin olunması bütün məsələlərdə mütləq prioritetdir. 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan ordusu öz tarixi missiyasını yerinə yetirərək işğal olunmuş əzəli torpaqlarımızı azadlığa qovuşdurdu. Müzəffər Azərbaycan ordusu bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etmədi, həm də erməni faşizmini məhv etdi. Hansı ki, erməni faşist ordusu tarixi torpaqlarımızda salamat bir ev qoymamışdı. Dünyada bu dövrə qədər bir çox müharibələr baş vermişdir. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik dünya müharibə tarixində olmamışdır. Bizim qələbəmiz ləkə kimi düşən erməni faşizmini dünya tarixindən təmizlədi və eyni zamanda yeni regionda yeni sosial-iqtisadi inkişafa zəmin yaratdı.

Ermənistanın hərbi kapitulyasiyasından sonra yeni tarixi şərait formalaşmış oldu. Belə ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın işğal olunmuş bütün torpaqları azad edilir və Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizinin də yaradılması nəzərdə tutulurdu. Məlum Bəyanatda Zəngəzur dəhlizinin yaradılması məsələsinin tələb olunması bizim tarixi qələbəmiz hesab olunur. 101 il bundan əvvəl Zəngəzur dəhlizinin Ermənistana verilməsi haqqında qərar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında bütün əlaqələrin kəsilməsinə səbəb olmuşdur. Tarixi torpaqlarımızın sovet hakimiyyəti dövründə ermənilərə verilməsi yaddaşlardan heç vaxt silinmədi və bugün müzəffər Azərbaycan ordusu əzəli torpaqlarımıza qayıtmaq üçün tarixi şərait yaratdı.

İşğaldan azad olunmuş Ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu işlər planlı şəkildə aparılır. Minalardan təmizlənmə prosesi ilə yanaşı əsas infrastruktur layihələrinin yerinə yetirilməsinə start veriib. Azad edilmiş ərazinin elektrik təchizatının bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Həm xətlər çəkilir, həm yeni yarımstansiyalar tikilir. Şuşa şəhəri indi elektrik enerjisi ilə tam təmin edilib və hazırda Daşkəsəndən Kəlbəcərə yeni ötürücü xətlər inşa edilir. İnfrastrukturun əsas istiqamətlərindən biri olan yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu inşa edilir. Eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir. Cənab Prezident qeyd etmişdir ki, bu işlərlə paralel olaraq, düşmən tərəfindən vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir. Bu işə xarici mütəxəssislər cəlb edilib. Bildirilmişdir ki, tələb olunan hüquqi sənədlər hazırlandıqdan sonar Ermənistanı beynəlxalq məhkəmələrə veriləcəkdir. Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib. Yaşayış məntəqələrinin bərpası ilə əlaqədar görülən işlərlə əlaqədar Cənab Prezident bildirmişdir: “Bildiyiniz kimi, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək – “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar.”

ADPU-nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Yaqut Qasımova.

Paylaşın: