Sosial və xüsusi fənlər kafedrasının baş müəllim b.ü.f.d. Təranə Mayıl qızı Əkbəri.
Son 20 il ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən, dinamik və hərtərəfli inkişaf yolu keçən respublikamızın iqtisadi qüdrəti və fəal xarici siyasəti beynəlxalq aləmə daha sıx inteqrasiyanı, çoxtərəfli əlaqələrin möhkəmlənməsini təmin edib. Şübhəsiz ki, bu uğurlara dövlətmizin başçısının inkişaf strategiyasına əsaslanan uzaqgörən siyasəti nəticəsində nail olunub. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasətə uyğun olaraq Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan ölkəmizin bir sıra beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin dərinləşməsinə də önəm verilir. Oktyabrın 10-da Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının 27-ci iclasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində oktyabrın 10-da Şuşa şəhərində İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Dövlət başçısı müraciətində bildirib ki, nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Cənab Prezident Azərbaycanın əməkdaşlığa açıq ölkə olmasına diqqət çəkərək qeyd edib ki, respublikamız təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir. Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır.
Respublikamızın daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olmasına toxunan Cənab Prezident qeyd edib ki, regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır.
Dövlət başçısı müraciətində regionun beynəlxalq statusunu artıran layihələrə də diqqət çəkərək qeyd edib ki, 2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Qardaş Özbəkistan və Qazaxıstanın təşəbbüsü ilə Füzuli şəhərində məktəb tikilib və yaradıcılıq mərkəzində tamamlama işləri aparılır. Bu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürüdür.
Cənab Prezident müraciətində işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının milli prioritetlərimiz sırasında olduğunu diqqətə çatdırmışdır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli şərait yaradır.
Dövlət başçısı erməni vandalizminin təzahürlərinə toxunaraq qeyd edib ki, 30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması deməkdir.
Cənab Prezident Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsinin hazırkı dövrdə xüsusi aktuallıq kəsb etməsini diqqətə çatdırmışdır. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.
Cənab Prezident müraciətində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacağını, qarşılıqlı faydalı tərəfdaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəyini bildirmişdir.