Sosial və xüsusi fənlər kafedrasının dosenti Cavadoba

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlarla sıx əlaqələr yaratmaqla həm də bu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün fəal xarici siyasət yeridir. Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutmaqdadır.
Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirməkdədir. Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin şəkildə yüksələrək həlledici əhəmiyyət kəsb etməkdədir.
Azərbaycanın son otuz ildə xarici siyasət prioritetləri praktiki olaraq dəyişməmişdir.Ərazi bütövlüyünün bərpası, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, möhkəm regional iqtisadi tərəfdaşlıqların inkişafı, eləcə də çoxtərəfli siyasət ölkənin xarici siyasət strategiyasında prioritet olaraq qalır. Bu mənada rəsmi Bakının Afrika ölkələri ilə münasibətlərinin inkişafına xüsusi diqqət yetirməsi siyasi konyukturun yox, ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab olunmalıdır. Azərbaycan təkcə Avropa,Asiya deyil, həm də Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Uzun illər Qərbin amansız istismarına məruz qalan “Qara qitə” ölkələrinin “soyuq müharibə”nin başa çatmasından sonra geosiyasi arenada çəkisinin artması Bakının kontinentlə siyasi-iqtisadi əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə təkan verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonunbu ilin aprelin əvəllərində Azərbaycana tarixi səfəri bunun sübutu oldu.
İlk dəfə idi ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edirdi. Bu tarixi səfər mühüm əhəmiyyət daşıyırdı. Konqo Respublikasının Prezidentinin bu dəyərli səfəri Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılmasına inam yaratmış oldu. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlinə çevrildi. Cünki bu çox önəmli və sanballı bir sənəd hesab olunur.Həm də bu sənəd bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcəkdir.
Azərbaycanın Konqo dövləti ilə siyasi əlaqələrinin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur. Münasibətlərimizin təməlini qoyan və çox önəmli, eyni zamanda, sanballı bir sənəd kimi qiymətləndirilən Əməkdaşlıq haqqında Bəyannamə iki ölkənin gələcək fəaliyyətinin perspektivlərini müəyyən edəcək və inkişafa təkan verəcəkdir.
BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf edəcək, hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcəkdir.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Əvvəllər hər iki ölkə arasında sıx siyasi-iqtisadi münasibətlər yaradılmamışdır.Buna baxmayaraq Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməyə başlamasından sonra diplomatik təmasların tempində canlanma müşahidə edilmişdir.
Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin prioritetləri içində neokolonializmə qarşı mübarizə məsələləri durmuşdur, bu gün də bu belədir. Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşımaqdadır.
Hazırda Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması hamımızın marağındadır . Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın sədrliyi dönəmində yaradılmışdır.
Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və bu qurumun nəticələri göz qabağındadır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir.
Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsinə aid olan layihələr müəyyən maraq yaradır. Çünki,Konqo əlverişli coğrafi mövqeyə və zəngin təbii sərvətlərə malikdir Bərpa olunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün də çox gözəl perspektivlər mövcuddur. İndi hər iki ölkə mövcud potensiallardan istifadə edərək, ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirlər. Bunun üçün zəruri şərait də vardır. Neft və enerji, təbii ehtiyatlar, ictimai xidmətlər sektoru, təhsil, turizm, humanitar elmlər və digər sahələrdə tərəflər sıx əməkdaşlıq münasibətləri yarada bilərlər.
Konqonun əlverişli cografi mövqeyə,strateji cəhətdən əhəmiyyətli əraziyə və zəngin təbii sərvətlərə malik olması vaxtilə avropalıları bu əraziyə cəlb etmiş, uzun illər bu sərvətlər avropalılar tərəfindən amansızcasına istimar edilmişdir. Bu gün Afrika ölkələri hegemonluğa, müəyyən dövlətlərin hökmranlığına, təbii sərvətlərin istismarına qarşı çıxırlar. Hansı ki,hazırda, gərgin dövrdə sülhpərvər dövlətlərin ümumi fəaliyyəti, bu kimi neqativ addımlara qarşı birgə mübarizəsi çox vacibdir. Konqo dövləti də istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər beynəlxalq təşkilatlarda təzyiqlərə, ikili standartalara qarşı birlikdə mübarizə aparmaqdadır.
Azərbaycan və Konqo dövləti arasında həm də strateji əməkdaşlıq üçün də çox gözəl zəmin vardır. Rəsmi səfər ərəfəsində səfəri yaxşı hazırlamaq və yaxşı nəticələrə nail olmaq üçün qarşılıqlı surətdə Konqodan Azərbaycana, Azərbaycandan Konqoya nümayəndə heyətlərinin səfərləri də təşkil edilmişdir. O səfərlər də göstərdi ki, bizim strateji əməkdaşlığımız üçün çox gözəl zəmin mövcuddur.
Hələ vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda ali məktəblərdə təhsil almışlar. Bu cür ənənənin bərpa olunması üçün müvafiq göstərişlər də verilməsi məqsədəuygun oldu.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana səfəri zamanı,yəni cari ilin 4 aprel tarixində Azərbaycan-Konqo dövlət rəhbərləri arasınada bu sənədlər imzalanmışdır: Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”;“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”;“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” və “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”.
Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycan Afrika ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu baxımdan Konqo ilə dostluq əlaqələrinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır və ikitərəfli əməkdaşlıgın yeni səhifəsinin açılmasını göstərir. Şübhə yoxdur ki,bu əməkdaşlıq hər iki xalqın mənafeyinə uyğun siyasi-iqtisadi, eləcə də humanitar layihələrin reallaşdırılması ilə daha da zənginləşəcəkdir.

 

 

 

 

.

 

Paylaşın: