AZƏRBAYCANDA MİLLİ PRİORİTETLƏR: SOSİAL-İQTİSADİ İNKİŞAF.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi Azərbaycan xalqının 10 il müddətinə sosial-iqtisadi inkişafında, maddi rifahının yaxşılaşdırılmasında, ölkənin daxili və xarici əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaqdır. Azərbaycan Respublikasının iqtisadi və mədəni həyatında gedən sürətli inkişafı ölkədə sabit təhlükəsiz həyat şəraitinin təmin olunmasına, ölkənin beynəlxalq səviyyədə nüfuzunun artmasına və cəmiyyətdə dövlətçilik ənənələrinin möhkəmlənməsinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə əldə olunmuş şanlı qələbəmiz, düşmən tərəfindən müvəqqəti işğal olunmuş ərazilərin azad olunması həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyasını təmin etdi. Bu bir faktdır ki, yeni nəqliyyat dəhlizinin yaradılması təkcə ölkənin daxili iqtisadi əlaqələrinin möhkəmləndirilməsinə deyil, həmçinin beynəlxalq əlaqələrin inkişafına böyük təkan verəcəkdir. Bu da region və digər qonşu ölkələrin arasında sosial-iqtisadi əlaqələrin genişlənməsi üçün əsas amilə çevriləcəkdir.

10 noyabr Zəfər bəyənnaməsi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli işğaldan azad olunmuş ərazilərdə və regionda təhlükəsizliyə təminat verir, zəngin təbii resursların istifadəsinə və ticarət əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaradır. İşğaldan azad olunmuş ərazilərdə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasını təmin edir. Bununla yanaşı qonşu dövlətlərlə iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsinə həmçinin Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın, təkcə Qafqazda deyil, eləcə də beynəlxalq aləmdə rolunun güclənməsinə şərait yaradır.

Azərbaycan xalqının əldə etdiyi zəfər xalqımızın çoxəsrlik tarixində mühüm səhifə oldu, qüdrətli hərbi və diplomatik qələbələr əldə olundu. Bu böyük qələbə vətəndaşlarımızın işğaldan azad olmuş ərazilərə qayıdışını təmin erdir. Cənab prezidentin göstərişi ilə insanların təhlükəsizliyini təmin etmək üçün azad olunmuş rayonlar üzrə idarəetmə orqanları yaradıldı. Bu əhalimizin dayanıqlı məskunlaşmasına və iqtisadi faəliyyətə qoşulmasına səbəb olacaqdır.

Qeyd olunmalıdır ki, son illər ölkəmizdə əldə olunan sürətli iqtisadi inkişaf ictimai münasibətlərin bütün sahələrinə təsir edir. Xeyli müddətdir ki, yüksək maliyyə imkanları ölkədə makro iqtisadi sabitlik yaratmışdır.

Bir sözlə siyasi sabitlik və davamlı iqtisadi inkişaf xalqın rifahı üçün traleyüklü amilə çevrilmişdir. Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, eləcə də multikultural dəyərlərin zənginliyi Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə şərait yaradır. Bu imkanlar iqtisadi suverenliyin möhkəmlənməsinə müasir həyat standartlarına cavab verən yüksək sosial rifahın yaranmasına zəmanət verir.

Əminliliklə deyə bilərik ki, ölkəmizin sürətli inkişafı cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqələrini daha da inkişaf etdirəcəkdir. Bu möhkəm əlaqələrin yaradılması cəmiyyətdə liberallaşmanın təməlini qoyaraq, ölkədə yeni özəl təşəbbüslərin və innovativ baxışların inkişafını daha da sürətləndirəcəkdir.

Ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş prioritetlər mövcuddur. Onların qorunmasının və reallaşmasına xidmət etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu istiqamətdə 5 strateji prooritetlər mövcuddur. Bunalr aşağıdakılardan ibarətdir:

  1. Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat;
  2. Dinamik, inklüziv, sosial və ədalətə əsaslanan cəmiyyət;
  3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  4. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Azərbaycanın əsas seçimlərindən biri də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır. Əsas şərt iqtisadi artımın sağlam və tarazlı olmasıdır. Bu istiqamətin həyata keçirilməsində iki məqsəd təmin olunmalıdır.

  1. Davamlı və yüksək iqtisadi artım;
  2. Daxili və xarici təsirlərə qarşı dayanıqlılığın təmin olunması.

Davamlı və yüksək iqtisadi artımın təmin olunmasında strateji planlaşma əsas rol oynayır. Bunun nəticəsində iqtisadi artım vətəndaşların həyatına müsbət təsir göstərir, adambaşına düşən milli gəlirin əldə olunmasına nail olunur. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, vətəndaşlar üçün yüksək gəlirli iş yerləri yaranır, bununla da əhalinin maddi rifahı təmin olunur. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı və məşğulluğun başlıca mənbəyinə çevrilmiş işgüzar mühitin yaxşılaşmasına səbəb olur. Bu strategiyaların şəffaflıq üzərində qurulması respublikamızda əsas şərt kimi götürülür.

Aydındır ki, milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın bir tərkib hissədir. Bu səbəbdən milli iqtisadiyyatımızı uzun müddətli qorumaq üçün daxili və xarici təsirlərə dayanıqlılığı gücləndirilir və qeyri neft sektoru inkişaf etdirilir.

Ölkəmizdə dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti formalaşmadırmaq üçün 3 əsas məqsəd reallaşdırılır:

  1. Hər bir vətəndaşın inkişafdan bəhrələnməsi;
  2. Yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət;
  3. Paytaxt və regionların tarazlı inkişafı.

Aydındır ki, dövlət bütün təbəqələrdən olan vətəndaşların qayğısına qalır. Aparılan iqtisadi islahatların əsas məqsədi yoxsulluq səviyyəsinin azaldılması, işsizlik səviyyəsinin minimuma endirilməsidir. Yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı sosial yardımların əhatə dairəsinin genişləndirilməsi sosial müdafiə üçün imkanlar yaradır.
Son dövrlərdə dünya ölkələri arasında iqtisadi rəqabət daha da atrmaqdadır. Bu rəqabətə davamlılığı təmin etmək üçün yüksək standartlara cavab verən insan kapitalı yaradılması əsas şərtdir. Bu məqsədlə münbit şəraiti və innovasiyaları təşviq edən müasir təhsil sisteminin qurulması məqsədəuyğundur. Məlumdur ki, yüksək təhsil sisteminin qurulmasında iqtisadi potensial gücləndirilməlidir. Harmonik inkişafa əsaslanan fasiləsiz təhsilə xüsusi yer verilməli, yüksəl təhsil sisteminin yaradılması hesabına yüksək bacarıqlara malik olan insan kapitalı formalaşdırılmalıdır. Bir daha qeyd edək ki, yüksək insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin keyfiyyət baxımından rəqabətə davamlılığını təmin etmək lazımdır və bu sahədə ölkədə kifayət qədər mühüm tədbirlər həyata keçirilir.

Şamaxı rayon Ağsaqqallar şöbəsinin müdiri, ADPU-nun Şamaxı Filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dosent Mayıl Alıcanov.

 

Paylaşın: