Azərbaycan yüksək inkişaf yolunda
İqtisadi və sosial sahədəki siyasət bir-birini tamamlayır. Azərbaycanda elə siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Proqnozdan əlavə yığılmış 1,4 milyard manat hesabına dərhal 1,5 milyard manatlıq sosial paket təmin edildi. Əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirilib və bu, bir daha sosial sahəyə nə qədər böyük önəm verildiyindən xəbər verir.
Azərbaycan yüksək iqtisadi inkişaf göstəricilərinə malikdir. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə özünü əks etdirir.
Keçənilki böyük xərclərə baxmayaraq ölkənin valyuta ehtiyatları 2,5 milyard dollar artıb. Xüsusilə nəzərə alınmalıdır ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Bu amil bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil.
Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu amil imkan verir ki, Azərbaycan valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəyə cəlb etsin. Qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər.
Azərbaycan nadir ölkələrdən biridir ki, ölkənin xarici ticarət balansının saldosu müsbətdir. Dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur.
İnvestorlar tərəfindən Azərbaycanda mühüm layihələr icra olunur. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulub. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Sözügedən amil ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür.
Azərbaycanda çox geniş sosial layihələr həyata keçirilir. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bunlar 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Müntəzəm olaraq maaşlar qaldırılır. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, iqtisadi islahatlar uğurla həyata keçirilsin.
Ölkəmizi əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atılıb. Bu gün Azərbaycan mal əti ilə özünü təqribən 90 faiz səviyyəsində təmin edir, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə cins mal-qaranın alınmasına böyük vəsait xərclənib. Bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Görülən tədbirlər sayəsində süd və süd məhsullarının istehsalı 80 faizə çatıb. Həmçinin toyuq əti istehsalı da 80 faizə çatıb. Heç vaxt tarixdə – sovet dövründə və müstəqillik dövründə ölkəmiz bu rəqəmlərə çıxmayıb. Təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edilir. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur;
Azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlanılıb. Bu məqsədlər üçün böyük vəsait səfərbər olunub. Özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür.
Kiçik fermer təsərrüfatlarına kömək göstərilir. Subsidiyalar və metodik tövsiyələr verilir. İstisna edilmir ki, başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək işi təşkil olunacaqdır. Ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə buna rast gəlmək mümkün deyil. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. 7400 minik avtomobili verilib. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərinə 850 mənzil verilib. İkinci Qarabağ müharibəsinin qazilərinə və şəhid ailələrinə 750 mənzil verilib və bu proses davam etdirilir. Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq.
Şəhid ailələrinin sosial təminatı yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib.
Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün bu cür işlər davamlı şəkildə görülür. Təqdim olunan protezlər ən son texnologiyalar əsasında hazırlanıb. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər.
Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Əfsuslar olsun ki, bu günə qədər insanları itiririk. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. Baş planı hazır olan şəhərlərin də, xüsusilə Şuşa və Ağdam şəhərlərində minalardan təmizlənməsi prosesi sürətlə gedir.
Təkcə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlıda 700 kilometrə yaxın yol çəkilib. Bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə işlər çox çətin bir şəraitdə aparılır.
Elektrik təsərrüfatının yaradılması prosesinə start verilib. Bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşulub. Heç biri indi avtonom qaydada işləmir. İndi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və ölkənin potensialını göstərir.
Şəhərlərarası yolların inşası prosesinə start verildi və bu proses geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlmək mümkün olacaqdır. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Naftalan Talış və Suqovuşanla birləşdirilir. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yollar da çəkilir. Xüsusilə dəmir yolları qeyd olunmalıdır. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlanıb. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına start verilib.
Sözlə əməl arasında olan vəhdət. Dövlət məmurlarına təlimat verilir ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Heç kim məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir.
Bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, əyri yola düşür. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Hakimiyyətin bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq;
İctimai nəzarət güclənməlidir. İctimai nəzarət bir çox məmurları cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Media nümayəndələrinin bu sahədə çox böyük rolu var. Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.
Vacib amillərdən biri korrupsiya üçün meydanı daraltmaqdır. Burada institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da minimuma endirilməlidir.
Hərbi quruculuq məsələləri hər zaman gündəliyimizdə birinci dərəcəli yer tutub. Bu mövzu bütün xalqı birləşdirirdi və hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt ən böyük xərclər hərbi quruculuq üçün ayrılırdı. Bu işlər mütləq olaraq davam olunmalıdır. İlk növbədə, ona görə ki, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt Ermənilərə bağışlanmayacaq.
Hərbi quruculuq prosesi davam olunacaqdır. Müharibə dövründə çoxlu sayda döyüş sursatından istifadə olunub, indi onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Müxtəlif xarakterli müasir silah sistemləri alınır. Hərbi texnologiya inkişaf edir və Azərbaycan həmişə ən yaxşı texnologiyaları almaq arzusundadır. Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması strateji vəzifədir. İkinci Qarabağ müharibəsi bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir.
Komando qüvvələrinin yaradılması böyük hadisədir və hərbi qüdrətimizin təzahürüdür. Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə hər zaman düşünməliyik
Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən deyil, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir. Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Ona görə revanşist meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır.
Unutmamalıyıq ki, Ermənistanın indiki hakimiyyəti əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə Azərbaycanı hədələyən, Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçiləridir. Biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Ermənistan müxalifəti, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyündə, Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər
Azərbaycanın siyasəti tam aydındır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, habelə kommunikasiyaların açılması ilə bağlı olan prosesinə start verilməlidir və nəticədə sülh müqaviləsi imzalanmalıdır. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz zəmanət olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir
Sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır. Rəsmi İrəvan buna hazır olmalıdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.
Qaliblərin dostları çox olur. Bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb
Rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl atmışdır. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf qismində cəlb etsinlər.
Minsk qrupu danışıqlar ilə bağlı öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Minsk qrupu, əslində, qalan ölkələri danışıqlar prosesindən təcrid edib. Eyni zamanda, qrup daxilində də narazılıq var.
Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi. Ötən ilin 18 yanvar tarixində Azərbaycan artıq vaksinləri əldə etdi. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, buster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyə olunur.
Ölkəmizə bütövlükdə 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinika COVID xəstələrinin sərəncamına verildi. Azərbaycan xəstəxanalarında COVİD xəstələrini qəbul etmək üçün 10 min çarpayı bazası mövcuddur ki, onlardan cəmi 10 faizi doludur. 9 min çarpayı boşdur. Önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Ölkəmizdə 875 reanimasiya yeri var, onlardan 26 faizi doludur. Buna görə demək olar ki, bütün məhdudiyyətlər aradan qaldırılıb. Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur.
Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib;
Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Elə bir hal olmayıb ki, Azərbaycan kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olsun.
Qoşulmama Hərəkatına üzv olan ölkələr iki dəfə Azərbaycanın lehinə səs verdilər. Bir dəfə ölkəmizin rəhbərlik etməyinə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, Azərbaycanın sədrliyi daha bir il uzadılsın. İnstitusionallaşdırma yolu ilə getmək lazımdır. Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşü yüksək səviyyədə təşkil olunmalıdır. Azərbaycan Parlament elementini yaratmaq niyyətindədir. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq təqdirəlayiqdir.
Azərbaycanın fəaliyyəti və təşəbbüsləri sayəsində Qoşulmama Hərəkatının nüfuzu artıb. Pandemiya vaxtı görülən işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. Azərbaycanın çoxlu humanitar proqramları var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə çox ölkələrə humanitar yardım göstərilir, pandemiya dövründə isə 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərilib.
Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları düzgün tərtib etməkdir. Azərbaycanın Avropa İttifaqından hər hansı bir xüsusi gözləntisi yoxdur. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması niyyətindədir. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni ölkəmizin Avropa İttifaqı ilə sazişin mətni tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb.
İndi güc amili ön plana çıxır və Azərbaycan buna hazır olmalıdır. Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü artırmalıdır.
Bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Bu siyasi sinizmdir. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək. Onlar indi peşmançılıq çəkirlər.
Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Artıq Qarabağ problemi kimi ağır yük ölkənin çiyinlərindən düşüb.
Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Sahib Cəbrayılov