Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 və Şamaxı filailının 30 illik yubileyləri ərəfəsində Şamaxı filialı bir çox möhtəşəm tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərdən biri də mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi münasibətilə keçirilən elmi-praktik konfrans oldu. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor Fikrət Rzayev, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnistutunun icraçı direktoru, professor Cəbi Bəhrəmov, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Fərrux Rüstəmov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Boran Əzizov və eləcə də ADPU-nun Şamaxı, Ağcəbədi, Cəlilabad, Şəki, Quba filiallarının rəhbərliyi və əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova ADPU-nun 100 və Şəki, Quba, Şamaxı filiallarının 30 illik yubileyləri ərəfəsində keçirilən tədbirlərin xüsusi önəm daşıdığını qeyd etdi. Həm ADPU-nun 100, həm də filialların 30 illikləri, eyni zamanda 28 may Respublika Günü münasibəti ilə tədbir iştirakçılarını ürəkdən təbrik edən Tünzalə Yusifova  regionun yeganə ali təhsil müəssiəsi olan filialların həm də regionun ictimai siyasi həyatında böyük rol oynadığını diqqətə çatdırdı. O, 30 ildə Şamaxı filialının keçdiyi dinamik inkişaf yolundan danışdı. Xüsusi vurğulandı ki, bu gün professor Cəfər Cəfərovun rəhbərliyi ilə ADPU Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindəndir.

Respublika Günü ilə bağlı keçirilən konfransın işinə də uğurlar arzulayan natiq 28 may 1918-ci il tarixinin Azərbaycan tarixində böyük rol oynadığını, Şərqdə ilk demokratik respublika olan AXC-nin eyni zamanda xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğuladı. AXC-nin siyasi varisi elan olunan Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev  qeyd etmişdir ki, biz bu gün müstəüil Azərbaycan Respublikasını qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Bu gün də Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu davam etdirilir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması isə dövlətçilik səviyyəsində tariximizə, kökümüzə bağlılığın göstəricisidir.

Professor Fikrət Rzayev tədbir iştirakçılarını bu əlamətdar münasibətlərlə təbrik edərək qeyd etdi ki, regionlarda Dövlət əhəmiyyətli günlərlə bağlı belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çıxışçı Şamaxı filialının gələcək fəaliyyətində uğurlar arzuladı.

Sonra professor Cəbi Bəhrəmov “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan milli dövlətçilik tarixində yeri və rolu”, dosent Boran Əzizov “Cümhuriyyətə gedən yol: Milli azadlıq hərəkatının aktuallığı, mənbələri, dövrləri və cərəyanları”, professor Fərrux Rüstəmov “Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti”, ADPU–nun Şamaxı filialının Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov “AXC-nin ərazi bütövlüyü uğrunda Azərbaycan ordusunun mübarizəsi”, filialın Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev  “Demokratik Cümhuriyyət dövrü bədii ədəbiyyat” mövzularında çox maraqlı çıxışlar etdilər.

Tələbələr adından Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Narınc Cəbrayılova şair Nərman Həsənzadənin müəllifi olduğu “Sən mənimsən, mən də sənin Azərbaycan!” şeirini söylədi.

Qeyd edək ki, konfrans iştirakçıları arasında ADPU-nun 70-ci illərinin məzunlarının olması və təhsil illəri ilə bağlı öz xatirələrini bölüşməsi tədbirə xüsusi rəng qatdı.

 

Paylaşın: