Keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Sadıqova Nəzrin.
Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri baş tutub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Slovakiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Hörmətli cənab Baş nazir Azərbaycana səfər edir və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu, çox ciddi siyasi sənəddir və bizim əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Hesab edirəm ki, bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu olacaq.
Biz bu gün cənab Baş nazirlə həm təkbətək görüş əsnasında, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş danışıqlarda bir çox məsələləri müzakirə etdik. Bizim siyasi əlaqələrimizin yüksək səviyyədə olmasını bir daha təsdiqlədik. Eyni zamanda, bir çox sahələr üzrə aparılacaq işlərə də öz münasibətimizi bildirdik.
Dövlət başçısı vurğulayıb ki, Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bir çox sahələr üzrə aparılacaq işlərə də önəmli razılıq əldə olunub. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır.
Cənab Prezident çıxışı zamanı bir məsələnidə nəzərə çatdırıb ki, əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya arasında aşağıdakı sənədlər imzalanmışdır:
- “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”;
- “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”;
- “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”.
Prezident qeyt etdi ki, müzakirə edilmiş gündəlik kifayət qədər geniş olub. Bu, cənab Baş nazirlə mənim birinci şəxsi tanışlığımdır və eyni zamanda, biz bir çox beynəlxalq məsələlərlə əlaqədar fikir mübadiləsi apardıq və burada da fikir ayrılığı yoxdur. Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Mən cənab Baş naziri yenidən Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik etdim və bildirdim ki, bu, onun fəaliyyətinə Slovakiya xalqı tərəfindən verilən böyük qiymətdir. Cənab Fitso birinci dəfə deyil ki, Baş nazir seçilib və onun yenidən seçilməsi Slovakiya xalqının müstəqilliyə, suverenliyə, milli ləyaqətə göstərdiyi münasibətin, hörmətin əlamətidir və bu seçim Slovakiya xalqının dostları kimi bizi də həddindən artıq sevindirir. Deyə bilərəm ki, cənab Fitso Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar da atılmışdır, yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik.
Görüşdə Baş nazir Robert Fitso çıxış edərək bildirib ki, bu günün nəticələri gözləniləndən də artıq oldu..Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətək görüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızda düşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətin tərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz. Siz praqmatik şəxsiyyətsiniz və Sizin xarici siyasətiniz təkcə bir istiqamətdə köklənməyib. Siz ərazi bütövlüyünün nə dərəcədə vacib olduğunu çox gözəl bilirsiniz. Bununla yanaşı, Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq və Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqında təqdim etmək istəyirik. Biz haqq-ədalət uğrunda mübarizə aparmalıyıq. Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir. O vaxt ölkənin cinayət məcəlləsindən müxalifətlə mübarizə üçün istifadə edilirdi. O zaman biz müxalifətdə idik, bu gün isə həmin dövrdə – 2020-2023-cü illərdə baş verənlərə görə parlamentimizdə çox mühüm qanunlar qəbul etdik. Ancaq Avropa İttifaqının diqqəti də məhz bunun üçün bizim üzərimizdədir. Yəni, bizim bu təsisatlarla bağlı belə bir təcrübəmiz var. Mən həm buradan bizim Xarici İşlər Nazirliyinə və parlamentimizə deyə bilərəm ki, biz Azərbaycandakı vəziyyəti maksimum şəkildə obyektiv işıqlandırmalıyıq.