Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq və dövlət üçün fəaliyyətləri
Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.
Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
Mehriban xanım Əliyeva təhsilin inkişafına xüsusi qayğı göstərmişdir. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilmişdir. Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görmüşdür. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur;
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir;
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilmişdir;
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması və müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və sair çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdir. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşmışdır;
2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında Heydər Əliyev Fondu olduqca vacib işlər görmüşdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən bölgədə birliyin əməkdaşları və könüllüləri tərəfindən zəlzələdən ziyan çəkənlərə tibbi, psixoloji, ərzaq yardımları göstərilmiş, sosial vəziyyəti ağır olan ailələrin problemləri araşdırılmış, müvafiq köməklik göstərilmişdir;
Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də böyük işlər görmüş, Azərbaycanda idman hərəkatının davamlılığına əvəzsiz töhfələr vermişdir. Yeni istifadəyə verilən orta məktəb və məktəbəqədər müəssisələrin idman zalları ilə təchiz olunması, futbol meydançalarının, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə səbəb olmuşdur. Gimnastika üzrə dünya kuboku yarışlarının, müxtəlif çempionat və turnirlərin, Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın adı və yüksək təşkilatçılıq qabiliyyəti ilə bağlıdır. Bu beynəlxalq yarışlar ölkəmizin istər mədəniyyət, istərsə də idman nüfuzunu bütün dünyada yüksəltmiş, Azərbaycanı idman ölkəsi kimi tanıtmış və ölkəmizə böyük turist axınına səbəb olmuşdur;
Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr və uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, bütün sosial xidmət müəssisələri, o cümlədən pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi belə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar, digər qoruyucu vasitələr və zəruri ehtiyaclarla mütəmadi təmin edilmişdir;
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək, yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – Nəsimi ilində Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir. Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyin qorunmasına yönəldilmişdir. Ölkəmizdə mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları, Xəzər dənizinin ekoloji mühafizəsi tədbirləri, şəhərlərimizin yaşıllaşdırılması layihələrinin əsas təşəbbüskarı və iştirakçısı məhz Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyevadır.
Mehriban xanım Əliyeva daxildə gördüyü xüsusi əhəmiyyətli işlərlə bərabər ölkənin beynəlxaq nüfuzunu artıran fəaliyyətləri də ustalıqla həyata keçirmişdir. Həmin fəaliyyətlərdən bəzilərinə nəzər yetirək.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa, öyrənməyə, görməyə başlamışdır. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.
Mehriban xanım Əliyevanın UNESCO-nun Xoşməramlı səfiri və ölkəmizin Birinci vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisədir.
Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, Novruz bayramı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmışdır.
Azərbaycan Respublikasında Birinci xanım institutunun uğurlu fəaliyyətində müstəsna əməyi olan və bu institutun dünyadakı mütərəqqi nümunələrinə uyğun şəkildə öz fəaliyyətini quran Mehriban xanım Əliyevanın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkmişdir. Bunun nəticəsi olaraq Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür;
Müxtəlif müsəlman ölkələrində xeyriyyə aksiyalarının keçirilməsi, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələrin reallaşdırılması, həmçinin Bakının İslam mədəniyyətinin paytaxtı olması önəmli təşəbbüs və vacib işlər kimi qeyd edilə bilər. Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Mərdəkan qəsəbəsindəki XVI əsrə aid “Pir Həsən” ziyarətgahında, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza”, Gəncədəki “Həzrəti Zeynəb”, Buzovna qəsəbəsindəki “Cümə” və s. məscidlərdə əsaslı təmir və bərpa işləri həyata keçirmişdir. Davamlı olaraq ölkəmizdəki müqəddəs məkanları, dini ibadət yerlərini ziyarət edən Mehriban xanım Əliyeva bu nəcib fəaliyyəti ilə ölkəmizdə dövlət-din münasibətlərinin daha yaxşı şəkildə qurulması işinə böyük töhfə vermişdir;
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilmişdir. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə – Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir;
Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanmışdır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür;
Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitolini Muzeyinin “Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri layihələr icra edilmişdir. Bəşəriyyətin möhtəşəm mədəniyyət tarixinin mühafizəsinə, onun gələcək nəsillərə vacib əmanət kimi çatdırılmasına, bununla bəşəriyyətin mədəni yaddaşının qorunmasına xidmət göstərən xeyirxah missiya indi də uğurla davam etməkdədir;
Mehriban xanım Əliyeva öz fəaliyyətində dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunması işinə də böyük önəm vermişdir. Məhz Mehriban xanımın təşəbbüsü sayəsində UNESCO və ISESCO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu ümumbəşəri mədəniyyətə, sülhün və əmin-amanlığın bərpa olunmasına hesablanmış ən böyük addım olmuşdur. Ölkəmizdə bilavasitə Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər uğurla keçirilmişdir;
Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır. Bununla bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Mehriban xanımın bu fəaliyyətini təkcə Azərbaycan dövləti deyil, bizimlə əməkdaşlıqda maraqlı olan xarici ölkə başçıları da qeyd edirlər;
Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür. Xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq qeyd etmək olar: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı.
Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.