Azərbaycan regionda davamlı sülhün qarantıdır.

Fevralın ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox mediasının 50-yə qədər suallarına dövlət başçımızın tam əsaslandırılmış hər bir cavabı bütün dünyaya göstərdi ki, Azərbaycanın Ermənistan üzərindəki qələbəsi ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Cənab Prezident keçirdiyi mətbuat konfransında çox mühüm məsələlərə toxunmuşdur. Dövlət başçısı əsasən Vətən müharibəsi, 10 noyabr bəyanatının imzalanmasından keçən dövr ərzində mövcud olan vəziyyət, regionda baş verən siyasi-iqtisadi proseslərlə bağlı ətraflı şəkildə fikirlərini ifadə etmişdir.

Sirr deyil ki, müharibədən sonra Azərbaycan aralarında münaqişə olan bəzi ölkələri bir araya gətirmək üçün səy göstərir. Çünki, Azərbaycan xalqı istəyir ki, sabitlik olsun, sülh olsun. Buna görə də, regionda sülhün bərqərar olması üçün Cənab Prezidentimiz tərəfindən bütün addımlar atılır. Qeyd olunan mətbuat konfransında dövlət başçımız tərəfindən səsləndirilən bir sıra məqamlar sübut etdi ki, Azərbaycan sözün həqiqi mənasında müharibə yox, sülh tərəfdarıdır. Lakin qarşı tərəfin də bu fikirdə olmaması əzəli Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa qayıdışımızın sülh yolu ilə deyil, hərb yolu ilə həll olunmasına səbəb oldu. Cənab Prezidentimizin dediyi kimi, “faktiki olaraq biz bugün ümumiyyətlə Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Hər hansı bir revanşizm cəhdləri isə Azərbaycan tərəfindən cəzalandırılacaqdır”.

Qeyd olunmalıdır ki, dünyada milli-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən kədərli mənzərə ilə müqayisədə tarixən multikultural dəyərlərə önəm verən Azərbaycanda vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 27-si qeyri-müsəlman icmasıdır. Lakin belə dini, milli, mədəni fərqliliklərə baxmayaraq, ölkəmizdə hər bir vətəndaşın hüquqları qanunla qorunur, heç bir sahədə ayrıseçkiliyə yol verilmir. Azərbaycanda fərqli dillərdə danışan insanların hər cür hüquqi və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları bərabərhüquqlu şəkildə təmin edilir. Azərbaycan çox mədəniyyətli və çox konfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır və növbəti illərdə də bu ideya davam etdiriləcəkdir. Çünki tolerantlıq, müxtəlif xalqların nümayəndələrinin bir-birinə yüksək səviyyədə dözümlü münasibət bəsləmələri respublikada tarixi ənənədir, artıq bu bu ideyalar insanların həyat tərzini təşkil edir.

Tarixi faktlardan da məlumdur ki, Rusiya imperiyası I Pyotrun dövründən başlayaraq ermənilərin Azərbaycana köçürülməsi siyasətini həyata keçirməyi qarşısına məqsəd qoymuşdu. Türkmənçay müqaviləsi bağlandıqdan sonra, bu siyasət reallaşmağa başlamışdır. Ermənilərin Cənubi Qafqaza, birinci növbədə Azərbaycana köçürülməsi II Rusiya-İran müharibəsinin gedişində həyata keçirilməyə başlandı. 1828-ci ildən 1830-cu ilə kimi Cənubi Qafqaza İrandan 40 mindən çox, Osmanlıdan 84 mindən çox erməni köçürülmüşdür. O cümlədən, onlar həm də Azərbaycan ərazisində yerləşdirilmişdir. Ən yaxşı torpaqlarda onlar yerləşdirilmiş, sovet dövründə də erməni dilində qəzetlər dərc edilmiş, onlar üçün xüsusi tədris proqramları tərtib olunmuşdur. Qonaqpərvər Azərbaycan xalqı bu hallara qarşı heç bir zaman qeyri-tolerant davranış nümayiş etdirməmişdir. Lakin təəssüflər olsun ki, əvəzində hər zaman mənfur erməni ideologiyası ilə mübarizə aparmalı olmuşdur. Məhz 10 noyabr Zəfər bəyənnaməsi də Azərbaycanın tolerant dəyərlərlə çıxış etdiyinin, keçmişdə baş verən bir çox təxribatçı və qeyi-insani münasibətlərinə baxmayaraq ermənilərlə işğaldan azad olunmuş ərazilərdə birgəyaşayış və sülh çağırışları etdiyinin bariz nümunəsi idi.
Mətbuat konfransında Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Bu gün davamlı sülh sahəsində atılan addımlar həm də gələcəyə xidmət etməlidir. Təbiidir ki, atılan hər addım uzaqgörənlik və xüsusi diqqət tələb edir. Bu isə Azərbaycanın dövlət siyasətinin əsas xüsusiyyələrindəndir. Ölkə başçısının çıxışında o da qeyd olundu ki, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi əsas prioritet istiqamətlərdəndir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda təmaslar qurulur, görüşlər keçirilir.

Belə demək olar ki, bu proses öz müsbət həllini tapanadək davam etdiriləcəkdir və Azərbaycan anlayır ki, bu, bölgədə gələcək illərdə də təhlükəsizliyin təmin olunması üçün mühüm addımdır. Ümumiyyətlə, Azərbaycan həmişə davamlı sülhə nail olmağı vacib hesab etmişdir. Buna misal, Ermənistan tərəfinin Azərbaycana işğal olunmuş ərazilərdən qoşunlarının çıxarılması tarixini verən kimi II Qarabağ müharibəsi də dayandırılmış oldu. Davamlı sülh üçün əsas şərtlərdən biri də ondan ibarət olmalıdır ki, Ermənistanın mövcud hakim dairələri də bunu anlasınlar və populist çıxışlarla sülhü pozmağa cəhd edəcək yeni münaqişə ünsürləri formalaşdırmasınlar. Bu baxımdan Cənab Prezident İlham Əliyev çıxışında qəti şəkildə bildirdi, bu gün biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir.

Bəli, Azərbaycan daim qonşu və digər dövlətlərlə əməkdaşlığa diqqət vermiş və bu sahədə bir çox dövlətlərə nümunə ola biləcək uğurlu addımlar atmışdır. Cənab Prezident istər 44 günlük Vətən Müharibəsi dövründə, istərsə də postmüharibə dövründə Azərbaycanın bölgədə sülh və tərəfdaşlığın qarantı olacağını dəfələrlə qeyd edirdi. Fevralın 26-da mətbuat konfransında ölkə başçısının çıxışları bu siyasəti kursun davamı kimi özünü göstərdi.

Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova

 

Paylaşın: