AZƏRBAYCAN QADINI CƏMİYYƏTDƏ MÜHÜM YER TUTUR.

Azərbaycan xalqının ən qədim tarixi-mədəni abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanında qadının nüfuzu, qadına xas olan xeyirxahlıq və insanpərvərlik, mərdlik və alicənablıq kimi keyfiyyətlər, anaya ülvi və pak münasibət mühüm yer tutur. Dastanda qadın, ana evin qoruyucusu, nəslin yaradıcısı, tərbiyəedicisi və eyni zamanda vətənin əsgəri, sərkərdənin ən yüksək dayağı kimi təsvir olunur. Bu isə ulu babalarımızın qadınlara necə böyük dəyər verdiklərini təsdiqləyir.

Eyni zamanda, müasir dövrümüzdə də qadına, anaya, yüksək dəyərin verilməsi həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biridir. Xalqımızın təşəkkül tapmasında, onun dövlət quruluşunun formalaşmasında, idarə edilməsində neçə-neçə cəsur və ağıllı Azərbaycan qadınının adı tariximizin yaddaşında şərəfli yer tutur. Bu nəcabətli xanımlar dövrünə görə təhsil görüb, məktəb, mədrəsə təlimi keçib, ictimai-siyasi fikir salnaməmizdə müəyyən izlər qoyublar. Müasir Azərbaycan qadınının inkişaf tarixinin bəzi məqamlarını xatırlasaq, xanımlarımızın nə qədər mütərəqqi bir həyat yolu keçdiyinin bir daha şahidi olarıq.  Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi ki,  “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.

Bəli, bu həqiqətən də belədir, Azərbaycan qadınının  istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında  misilsiz xidmətləri olub və bu  gün də var.

Azərbaycanda qadın siyasətinin tərəqqisi həmişə möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olan aktual məsələlərdən olmuşdur. İlham Əliyevin  “Gender – kişi və qadınların bərabərliyi təminatları haqqında” imzaladığı çox mühüm qərarla  Azərbaycan qadınları geniş hüquqi təminatlar əldə etdilər, kişi  və qadınların dövlətin idarə olunmasında və qərar qəbul edilməsində  bərabər  təmsilçiliyinə, ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına nail oldular. İlham Əliyev daha sonra “Qadınlara qarşı məişət zorakılığının aradan qaldırılması” haqqında Qanunu təsdiqləməklə qadın hüquqlarının müdafiəsi sahəsində mühüm mərhələnin əsasını qoydu.

Məhz bu siyasətin nəticəsi olaraq xanımlarımız müxtəlif vəzifələrə təyin edilir, parlamentdə təmsil olunur, bələdiyyə üzvləri və sədrləri kimi və s. sahələrdə geniş miqyasda fəaliyyət göstərirlər.

Bu gün qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların  sıravi və ya  Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir.  Məsələn, Yeni Azərbaycan Partiyasının qadın  üzvlərinin sayı ildən ilə artır.  Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır. Elə yeri gəlmişkən dünən, yəni 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşdı. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri cənab İlham Əliyev bir neçə təyinat həyata keçirdi. Dövlət başçısının sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini seçildi. Ölkənin birinci xanımı, vitse-prezident olmaqla Mehriban xanım sözün əsil mənasında bütün özəllikləri özündə daşıyır. Dünyada ən işgüzar Birinci Xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən fərqli layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Həyata keçirdiyi layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Bu da bir həqiqətdir ki, bu gün fədakar xanımlarımızın tarixən yaşatdığı incə və son dərəcə qiymətli keyfiyyətlərini özündə cəmləşdirən  Mehriban Əliyeva xanımlarımızın hərtərəfli yüksəlişinə dəstək verən və eyni zamanda daim öz xalqının yanında olan nüfuzlu bir simadır. Biz bunun torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qələbədən sonra da şahidi olduq. O, hər bir şəhid ailəsinə öz doğması kimi baxdı,  yaralı qazilərimizin sağalması üçün hər cür fədakarlığı göstərdi.

Siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların sayının artması çox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərqlənirlər. Onlar təmsil etdikləri qadınların problemlərinin həllində öz müsbət töhfələrini verirlər.

Rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında da gender bərabərliyi həmişə qorunur. Çalışan qadınlar həm kollektivdə, həm də ailədə əsil Azərbaycan qadınının bütün gözəl simalarını özlərində cəmləşdiriblər.

Bu gün biz Azərbaycan cəmiyyətində qadının tutduğu mövqe ilə haqlı olaraq fəxr edə bilərik.

ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova

 

 

Paylaşın: