Sosial və xüsusi fənlər kafedrasının baş müəllimi b.ü.f.d. Təranə Əkbəri
1 fevral 2024-cü il tarixində Prezidident İlham Əliyev Parlamentlərarası İttifaqın katibi Martin Çunqonqu qəbul etmişdir. Görüşdə çıxışı zamanı dövlət başçısı Azərbaycan və Ermənistan arasında münasibətlərin hazırkı dövrdə vəziyyəti, Avropa Şurasının ölkəmizə qarşı riyakar münasibəti ilə əlaqədar bir çox mühüm məqamlara toxunub.
Görüş zamanı Prezident İlham Əliyev bildirib ki, Minsk qrupu 28 il ərzində Qarabağ münaqişəsinin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi.
Prezident İlham Əliyev antiterror tədbirlərinin qaçılmaz olduğunu vurğulayaraq bildirib ki, ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdur.
Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcud olduğunu bildirib. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır.
Prezidentin çıxışında diqqət çəkən ən vacib məsələlərdən biri, gələcəkdə təhdid yarada biləcək amillərin qeyd olunmasıdır. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri, Azərbaycana qarşı beynəlxalq riyakarlığın mövcud olmasını vurğulamasıdır. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb. Yeni əməkdaşlıq sahələri yaradılıb və bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslər də irəli sürülmüşdür.