Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Kitabxanasından Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialına dilçilik, ədəbiyyatşünaslıq, müxtəlif elm sahələrinə aid, həmçinin bədii ədəbiyyat nümunələrindən ibarət 116 adda 147 nüsxə kitab hədiyyə edilmişdir. Hədiyyə olunan kitablar sərgi vasitəsiylə nümayiş olundu. Sərgidə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim və tələbə heyəti iştirak edirdi.
Filialın Kitabxana və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış sərgidə nümayiş olunan kitablar hər kəsin marağına və sevincinə səbəb oldu.
Filialın direktoru dosent Tünzalə Yusifova çıxışında olduqca dəyərli kitabları filialımıza hədiyyə etdiyinə görə AMEA-nın prezidenti, filologiya elmləri doktoru, akademik İsa Həbibbəyliyə, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə, həmin İnstitutun kitabxana müdiri Sevil Zülfüqarovaya, həmçinin göstərdiyi dəstəyə görə bilavasitə rolu olan filialın “Sosial və xüsusi fənlər kafedrası”nın müəllimi dosent Sübhan Talıblıya filialın müəllim və tələbə kollektivi adından təşəkkür və minnətdarlığını bildirdi. Akademiyanın Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialına göstərdiyi bu diqqət və qayğının yeni müştərək layihələrin yaranması üçün motivasiya olduğunu dedi. Hədiyyə kitabların sayəsində müəllim və tələbələrin müasir kitablarla təmin olunacağını və kitabxanada oxucuların artacağını qeyd etdi. Gələcəkdə də Azərbaycan Milli Elmlər Akademiyası ilə əlaqələr daha da möhkəmləndirilsini və filialın kitabxanasının zənginləşdirilməsi üçün akademiyanın digər İnstitutları ilə əlaqə yaradılacağını vurğuladı.