Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Novruz şənliyi keçirilib. Bütün adət – ənənələri özündə əks etdirən tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Filialın direktoru dosent Tünzalə Yusifova qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik edib və neçə gözəl zəfər dolu bayramlar arzulayıb.Şənlikdə tələbələrin hazırladığı bayram xonçaları, müxtəlif növ şirniyyatlar və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib. Milli geyimdə olan tələbələrin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları – Kosa, Keçəl və Bahar qızın iştirakı baş tutub. Onların zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. TGT nəzdində fəaliyyət göstərən Rəqs Klubunun fəal üzvləri “Səməni” , “Sozaleh” kimi rəqslər hazırlayıb. Bayram şənliyində tələbələrin iştirakı ilə kiçik səhnəciklər təqdim edilib. Tələbələr arasında maraqlı oyunlar, ən yaxşı süfrə dekorasiyası, ən gözəl şəkərbura bəzəyi, yumurta boyanması, səməni, yumurta döyüşü kimi yarışlar keçirilib. Yarışlarda qalib olan tələbələrə diplomlar və hədiyyələr təqdim olunub. Şənlikdə həmçinin bayram tonqalı qalanıb, müəllim və tələbələr tonqal ətrafında yallı gediblər. Filialın müəllim və tələbə heyəti şən, oynaq musiqi sədaları altında rəqs ediblər. Bahar şənliyi bütün iştirakçılarda xoş əhval – ruhiyyə və bayram sevinci yaradıb.