Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İctimai şuranın üzvləri imtahanlarda iştirak ediblər. Onlar imtahanların keçirilməsi qaydaları və tələbələrin imtahanda iştirakı və hazırlıq səviyyələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində filialda  tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlərin təmin olunması məqsədi ilə İctimai Şura yaradılıb.
Filialda yaradılan İctimai Şuranın üzvləri – filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri Alicanov Mayıl, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Əliyev Rövşən, Şirvan qəzetinin baş redaktoru Məmmədova Könül, Heydər Əliyev Mərkəzinin direktoru Eyvazova Könül tələbələrin imtahan prosesini izləyib, filialda yaradılan təlim, tədris şəraiti ilə tanış olublar.
Filialın direktoru, dosent Tünzalə Yusifova şura üzvlərinin diqqətinə çatdırdı ki, 1 iyun 2023-cü il tarixindən ADPU-nun Şamaxı filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. Onu da qeyd etdi ki, filialda imtahanların obyektiv şəkildə qaydalara uyğun keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. İmtahanlar müddətində həm də valideynlərin, ictimaiyyət nümayəndələrinin və filialın İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı təmin edilib. O qeyd etdi ki, gələcəyimiz üçün savadlı və ixtisaslı kadrların hazırlanması üçün ictimai nəzarətin təmin edilməsi çox önəmlidir.

Paylaşın: