Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi münasibətilə rektor, professor Cəfər Cəfərovun TƏBRİKİ
Hörmətli pedaqoqlar, universitetimizin əməkdaşları və ölkəmizin təhsil cəfakeşləri!
Əziz tələbə və məzunlarımız!
Bu gün bizim hamımızı müqəddəs dəyərlərilə ülvi şəkildə birləşdirən zəngin ənənələrə malik təhsil və elm məbədi – Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyini qeyd etmək hər birimizdə böyük qürur hissi doğurur. Çoxsaylı kollektivimiz, eləcə də respublikamızın geniş pedaqoji ictimaiyyəti üçün əziz olan bu möhtəşəm bayram münasibətilə indiyədək həyat və fəaliyyətini ADPU ilə bağlamış professor-müəllim heyətini, əməkdaşlarımızı, tələbələrimizi və sədası Vətənimizin müxtəlif guşələrindən, habelə dünyanın uzaq məkanlardan gələn doğma təhsil ocağının hər bir yetirməsini, ölkədəki bütün həmkarlarımızı səmimi qəlbdən təbrik edirəm!
100 il bundan əvvəl xalqımızın maarifpərvər ziyalılarının səyi ilə yaradılmış ilk ali pedaqoji təhsil müəssisəsi həm də ana dilində fəaliyyətə başlayan birinci ali məktəb kimi cəmi 6 nəfər tələbə ilə müəllim hazırlığı sahəsində ağır missiyanı üzərinə götürərək, birəsrlik böyük və şərəfli yolun tamamında 160 mindən çox peşəkar mütəxəssis, o cümlədən yüzlərlə tanınmış alim, çoxlu ictimai və mədəniyyət xadimi, əmək və müharibə qəhrəmanı yetişdirən nüfuzlu universitetə çevrilmiş və adını tarixə yazdırmışdır. Burada görkəmli pedaqoqlar və alimlər çalışmış, ölkəmizin təhsil sisteminin və müxtəlif elm sahələrinin inkişafına sanballı töhfələri ilə yadda qalmışlar.
Son illərdə universitetimizdə ali pedaqoji təhsilin məzmunu, idarəetmə və infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, daha sağlam və şəffaf mühitin yaradılması, keyfiyyətin yaxşılaşdırılmasına yönəlmiş sair addımlar qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərin müəllimlik peşəsinə və ADPU-da təhsilə marağının artmasına ciddi stimul vermişdir. İldən-ilə universitetə və onun filiallarına yüksək balla daxil olan tələbələrin, MİQ imtahanlarında uğur qazanan məzunların sayı dinamik şəkildə çoxalır.
Məmnuniyyətlə qeyd etmək olar ki, ADPU-nun beynəlxalq əlaqələri də getdikcə genişlənmiş, Avropa və MDB ölkələrinin 53 tanınmış universiteti ilə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Bu sırada ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı üzrə magistr hazırlığına dair saziş beynəlxalq təhsil təcrübəsinə malik kadrlar korpusunun formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Universitetimizdə həm də bir çox xarici ölkələr üçün ixtisaslı mütəxəssislər yetişdirilir. Hazırda Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya və Ukraynadan olan 180-dən çox əcnəbi vətəndaş hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır.
İnamla deyə bilərik ki, 100 yaşlı təhsil ocağımızın da xüsusi xidməti sayəsində həyata peşəkar mütəxəssis kimi vəsiqə qazanmış Azərbaycan müəllimi ona göstərilən etimadı doğrultmaq üçün səylə çalışır, savadlı və vətənpərvər nəsil yetişdirmək naminə böyük zəhmət sərf edir. Məktəblərdə bilik almaqla yanaşı, əxlaq, mənəviyyat, Vətənə dərin sevgi dərsi keçən gənclərimiz İkinci Qarabağ savaşı – Vətən müharibəsi imtahanından da başı dik, alnı açıq çıxdılar. Qəhrəmanlığın fəlsəfəsini dərindən mənimsəyənlər öz qanları və canları hesabına düşməni təslim aktını imzalamağa məcbur etdilər.
Fəxr edirik ki, 44 günlük ağır döyüşlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın edərək şanlı Zəfər salnaməsi yazan rəşadətli Silahlı Qüvvələrimizin sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 129 tələbə və məzunu da var idi. ADPU ailəsinin ön cəbhədə qəhrəmanlıqla döyüşən 11 üzvü şəhidlik zirvəsinə yüksələrək, həyatlarının ən mühüm dərsinin öhdəsindən şərəf və ləyaqətlə gəldi. Onların arasında savaşın yeganə xanım şəhidi olan Arəstə Baxışova da özünəlayiq uca yer tutur.
Əziz müəllimlər və həmkarlar!
Hörmətli təhsil ictimaiyyəti!
Nəcib müəllimlik peşəsinin yolçuları olan dəyərli tələbələrimiz!
Universitetin fəaliyyəti həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Xüsusilə xalqımızın ümummilli lideri Heydər Əliyev Pedaqoji Universitetə daim böyük qayğı göstərmiş, 5 dəfə bizim ali məktəbi ziyarət edərək onun işi ilə maraqlanmış, qiymətli tövsiyələrini vermiş və professor-müəllim heyətini dövlət təltifləri ilə mükafatlandırmışdır.
Cari ilin 17 aprel tarixində isə Prezident İlham Əliyev “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda ADPU-nun ölkənin təhsil sisteminin inkişafındakı mühüm rolu vurğulanaraq qeyd olunur: “İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir. Universitetdə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından faydalanmaqla ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılır”.
Cənab Prezidentin bu fikirləri son illər sürətli inkişaf yolunda inamla irəliləyən ölkəmizin ən geniş şəbəkələşməyə malik ali təhsil müəssisələrindən olan Pedaqoji Universitet ailəsinin fəaliyyətinə verilən ən ali qiymətdir.
Bununla belə, təbii ki, həyat yerində durmur. Dünənki uğurlarımız gələcəyə atılan addımlarımızın möhkəm təməli, bugünkü nəticələrimiz sabahkı yol xəritəmizin kontur cizgiləridir. İndi ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan Respublikası inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu isə bizim də qarşımızda daha məsul vəzifələr irəli sürür. Rəqabətədavamlı insan kapitalının formalaşdırılmasında müasir təhsil-tərbiyə texnologiyasına əsaslanmaqla yeni dü-şün¬cəyə, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas bacarıqlarına malik müəllim kadrlarının hazır¬lığı, onların vətənpərvər və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim kollektivinin əsas hədəfidir. Bu sahədə hamımız, o cümlədən ölkədə fəaliyyəti təhsilə bağlı olan, ürəyi məktəblə döyünən alimlər, pedaqoqlar, ekspertlər, bir sözlə, geniş maarifçilər ordusu əl-ələ verib birgə yorulmadan işləməliyik.
İşğala son qoymuş azad Azərbaycanın azad uşaqlarından yeni yüzilliyin Yusif Məmmədəliyevlərini, Heydər Hüseynovlarını, Zahid Xəlilovlarını, Mehdi Mehdizadələrini, Səməd Vurğunlarını, Məmməd Arazlarını yetişdirmək diləyi ilə hər birinizi bir daha ürəkdən təbrik edir, bu müqəddəs və şərəfli yolda böyük uğurlar arzulayıram.
Bayramımız mübarək!