Azərbaycan bu gün beynəlxalq aləmdə yüksək nüfuza malik ölkədir.

28 May – Respublika Günü ərəfəsində aparıcı dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına bir sıra təbrik məktubları gəlmişdir.

Bəli, bu tarix Azərbaycan üçün də əlamətdar gündür. 28 may tarixi Şərq dünyasında ilk dəfə demokratik cümhuriyyət qurmağı bacarmış xalqımız üçün fərəh təqvimidir. Əlavə olaraq, 2021-ci il Azərbaycanda müstəqil, suveren, demokratik cümhuriyyətin bərpa edilməsinin 30 illiyidir.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Bizim beynəlxalq nüfuzumuz artır”. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir. Ölkəmizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilən dünya liderlərinin təbriklərində bu əminlik vurğulanır ki, qarşıdakı illərdə Qarabağ və işğaldan azad edilən torpaqlarımız da regionun tərəqqisində iştirak edəcək. Azərbaycanın bu əraziləri bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək.

Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir.

Ölkələr arasındakı münasibətlərin inkişafı yeni perspektivlər üçün yol açır. İstər Novruz təbrikində, istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanmışdır. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq vurğulanır.
Eyni zamanda terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur: “ Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”.

ABŞ Minsk qrupunun həmsədrlərindən biri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. Müharibədən sonra da Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılmasında kömək etmək və icmaların yanaşı yaşamaq lazım olduğunu izah etmək istiqamətində ABŞ-ın verə biləcəyi töhfələr danılmazdır.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə öz təbrik məktubunda ölkəmizin bütün sahələrdə nəzərəçarpan uğurlar əldə etdiyini bildirib.Həmçinin birgə səylərin bundan sonra da xalqlarımızın rifahı, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi naminə bütün sahələrdə əməkdaşlığın möhkəmləndiriləcəyinə əminlik ifadə edir.

Azərbaycan-Çin münasibətləri də qarşılıqlı şəkildə inkişaf etməkdədir. Azərbaycan ilə Çin arasında da siyasət, ticarət sahələrində çoxsaylı sənədlər imzalanıb. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə ünladığı məktub bu baxımdan diqqət çəkir: “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.

Azərbaycan ilə İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani öz məktubunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevi təbrik edərək, müstəqilliyin ilk günlərindən ölkələrimizin iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirdiyini vurğulayıb. Hər iki ölkənin gələcəkdə də zəngin mədəniyyətindən və qədim tarixindən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə əməkdaşlıq edəcəyi bildirilmişdir.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella isə tezliklə Avropa İttifaqi ilə Azərbaycan arasında imzalanacaq yeni tərəfdaşlıq sazişinin ölkələrimiz arasında artıq mövcud olan möhkəm və çoxşaxəli münasibətlərin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Siyasi baxımdan dünyanın müxtəlif qütblərində təmsil olunan aparıcı dövlət başçılarının Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktubları mesajlarla zəngindir. Bu mesajların hər biri Azərbaycanın qlobal proseslərdə uğurlu rolunu ehtiva edir, dövlətimizlə əməkdaşlığa hədsiz marağı göstərir. Deməli, yürüdülən siyasət doğrudur.

ADPU-nun Şamaxı filialının “Riyaziyyat və kompüter elmləri” kafedrasının baş müəllimi, HİK-in sədri Çingiz Dadaşov.

Paylaşın: