Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.

Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Avropa İttifaqı Azərbaycanın yaxın tərəfdaşdır və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yaxın günlərdə Azərbaycana səfəri bu tərəfdaşlığın göstərcisi kimi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı – Azərbaycan əməkdaşlığı çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üçün çox geniş imkanlar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin hədəflərinə tam uyğundur.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanın ticarət dövriyyəsinin 40 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Ötən ilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları olmuşdur. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin Azərbaycanın iqtisadi fəaliyyətinin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri daha da gücləndirilir, texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı daha da inkişaf etdirilir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyinin təmin olunmasıdır və bu sahədə tarixi nailiyyətlər əldə olunmuşdur. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını xüsusilə qeyd etmək lazımdır. Ötən ilin sonuncu günündə tarixi əhəmiyyət kəsb edən hadisə – Cənub Qaz Dəhlizinin sonuncu və dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin istismara verilməsi baş vermişdir. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunmuşdur. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi daha da artacaqdır.

Azərbaycan Avropa İttifaqı ilə birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Bu layihənin uğurla həyata keçirilməsində Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası mühüm rol oynayıb. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

Avropa İttifaqı ilə Azərbaycan arasında nəhəng nəqliyyat infrastruktur layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini göstərir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar mövcuddur. Bu gün daha geniş miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır.

Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Buna görə də mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, yalnız maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasını təşkil etməlidir. Bu tərəfdaşlıq innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanır.

Avropa İttifaqı sərhədlərin delimitasiyasına köməklik göstərməyə hazırdır. Azərbaycanın bir sıra öhdəlikləri öz üzərinə götürməsi məsuliyyətli dövlət olmasını göstərir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. O, cümlədən sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır. Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifaha nail olmaq üçün regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişləndirilməlidir.

Azərbaycan öz qələbəsi ilə bütün regionda yeni reallıq yaratmışdır. Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin çox uğurlu fəaliyyəti, ordunun yüksək peşəkarlığı, cəmiyyətin sıx birliyi sayəsində cəmi qırx dörd gün müddətində Ermənistan ordusu darmadağın oldu. Azərbaycan uzun müddət Ermənistan tərəfindən işğal olunmuş ərazilərini işğaldan azad etdi. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi.

Azərbaycan daha geniş miqyasda regional əməkdaşlıq, enerji və nəqliyyat təhlükəsizliyi və strateji kommunikasiya sahələrində aparıcı rol oynamaq statusuna yüksəlib. Münaqişədən sonrakı nizamlanmada bütün kommunikasiyaların açılması mühüm məsələlərdən biridir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malik olan dövlətik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə vermiş olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Əlbəttə ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaqdır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizdə üç beynəlxalq hava limanı inşa edilir. Birincisi – Füzulidəki hava limanı ilin sonunadək istismara veriləcək. İkincisi – Zəngilandakı hava limanı gələn il və Laçındakı beynəlxalq hava limanı isə 2023-cü ildə hazır olacaq. Beləliklə, Azərbaycandakı beynəlxalq hava limanlarının sayı 9-a çatacaqdır.

İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Bu ərazilərdə torpağın olduqca münbit olması xaricilər üçün cəlbedici ola bilər. Həmçinin, turizm xarici sərmayə üçün cəlbedici sahə ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur. Əminik ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəaliyyət olacaqdır.

Azərbaycan artan iqtisadi potensiala malikdir. Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malikdir. Bu, bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Azərbaycan bu yaxınlarda yükdaşıma qabiliyyəti 10 milyon ton olan və yükdaşıma qabiliyyətinin 25 milyon tonadək artırılması potensialına malik Ələt Beynəlxalq Ticarət Limanının açılışını etmişdir. Bu, Azərbaycanın logistik və nəqliyyat şəbəkəsinin ən mühüm elementlərindən biridir.

Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu, Azərbaycan hökumətinin infrastruktura böyük sərmayə yatırmasının göstəricisidir. Regionda bütün kommunikasiyaların açılması Azərbaycana onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Eyni zamanda, Ermənistan sərhədinə doğru dəmir yollarının, magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır ki, bu Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Azərbaycan üçün isə Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi – Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir.

Hazırkı dövrdə bütün regionda dayanaqlı sülhün bərqərar olmasına və beynəlxalq layihələrin inkişafına maneə olan amillər mövcuddur. İlk növbədə qeyd etməliyik ki, rəsmi İrəvan hərbi cinayətkardır. Azad olunmuş ərazilərdəki dağıntılar beynəlxalq mediada geniş şəkildə təqdim edilib. İki müharibə arasındakı dönəmdə ermənilər işğal olunmuş ərazilərdə Azərbaycan xalqının tarixi, mədəni və dini irsini qəsdən məhv ediblər. Ağdam, Füzuli kimi şəhərlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdır və bu gün artıq mövcud deyillər. Cəbrayıl tamamilə dağıdılıb. Digər şəhərlər ermənilər tərəfindən qeyri-qanuni məskunlaşdırma üçün istifadə edilib ki, bunun özü də müharibə cinayətidir. Həmin məskunlaşdırma halları bəlli faktdır və etibarlı mənbələr tərəfindən təsdiq olunmuşdur.

Beynəlxalq layihələrin inkişafına maneə olan amillər sırasında basdırılmış minaları qeyd etmək olar ki, bu ərazidə bərpa-quruculuq işlərinin aparılmasını əsaslı şəkildə çətinləşdirir. Azərbaycan 10 min kvadrat kilometrdən artıq ərazini minalardan təmizləməli və yenidən qurmalıdır. Orada 100 minlərlə mina basdırılıb və müharibə başa çatdıqdan – 10 noyabr tarixindən bu günədək minalar səbəbindən 140 nəfər həlak olub və ya yaralanıb. O cümlədən iki jurnalistimiz həlak olub. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan digər müharibə cinayətləri də törədib. Onların bizim şəhər və kəndlərimizi qadağan olunmuş sursatlarla, o cümlədən ağ fosforlu mərmilərlə atəşə tutması sübuta yetirilmiş faktdır. Bizim şəhər və kəndlərimizə qarşı “SCUD”, “Toçka-U” və “İsgəndər-M” tipli ballistik raketlərdən istifadə olunub və həmin müharibə cinayətləri nəticəsində 100-dən artıq dinc sakin qətlə yetirilib. Bu gün Azərbaycanın qarşısında ərazilərin minalardan təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış və böyük vəzifə dayanır. Bunun üçün dövlət tərəfindən bütün zəruri tədbirlər görülüb və maliyyə vəsaiti ayrılıb.

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminik ki, Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələr daha da güclənəcəkdir.

Sosial və pedaqoji elmlər kafedrasının müdiri, dos. Mayıl Alıcanov

Paylaşın: