ADPU-nun Şamaxı filialının şəhid məzunlarından Orxan Nəbiyevin ailəsi ziyarət olunub
Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (ADPU YAP GB) sədri Tərlan Ağayev və ADPU-nun Şamaxı Filialının YAP GB sədri Məhərrəm Məhərrəmli Vətən müharibəsi şəhidi, ADPU-nun Şamaxı filialının “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə məzunu, leytenant Orxan Nəbiyevin ailəsini ziyarət ediblər.
Şamaxı rayonunun Qurdtəpə kəndində şəhid ailəsinin qonağı olan universitet nümayəndələri əvvəlcə şəhidin məzarını ziyarət ediblər.
Orxanın atası Rza Nəbiyev göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Şəhid atası Orxanın şücaətindən söz açaraq qeyd edib: “Orxan elə oğul idi ki, onun nəşini götürmək üçün günlərlə əsgərləri çətin ərazilərdə mübarizə aparmışdılar. Hər zaman əsgərlərinin qayğısına qalan Orxan şəhid olana kimi onun komandası ən az şəhid verən komandalardan biri olub. Ziyarətə gələn əsgərlərinin, döyüş yoldaşlarının sözlərinə görə o gecələri yatmaz, yeni döyüş taktikaları haqqında düşünərdi. Onun hərb sahəsi ilə bağlı bilikləri hamını heyrətə gətirirdi, qurduğu taktikalarla döyüşçülərimiz dəfələrlə mühasirədən çıxa biliblər. Orxan Suqovuşana ilk girən döyüşçülərimizdən biri olaraq “Telleqüllə” adlanan ərazi onun rəhbərliyi ilə azad edilmişdir. Özü ilə çiyin-çiyinə döyüşən heç kəsi ölü, ya diri ermənilərə verməyən Orxanın nəşi 20 günə yaxın düşmən nəzarətində olan ərazidə qalıb. 80-dən çox ermənini özü tək məhv eləyib. Tələbə olduğu müddətdə bir çox tədbirlərdə iştirak edirdi və hər zaman: “İnşallah bu çıxışları işğaldan azad olunmuş torpaqlarımızda da edərik!” – deyirdi və sözünə sadiq qaldı.”
Özü də Vətən müharibəsi iştirakçısı olan, şəhidin qardaşı Əmirxan: “Müharibənin ən qızğın vaxtı təsadüfi olaraq onunla rastlaşdıq və elə oldu ki, öz canını təhlükəyə ataraq məni ölümdən xilas etdi. Getdiyim bütün əməliyyatlarda Orxanın qardaşı olduğum üçün hamı mənə “Qorxmaz leytenantın qardaşı” deyirdi. Ümumiyyətlə Orxanı tanıyan hər kəs ona “Qorxmaz leytenant” deyə müraciət edirdilər. Çox istərdim ki, o zirvəyə ucalım, amma şəhidlik zirvəsi elə zirvədir ki, ora ancaq Orxan kimi cəsur insanlar layiqdir.” – deyir.
ADPU YAP GB sədri Tərlan Ağayev universitetin rektoru, professor Cəfər Cəfərov başda olmaqla ali təhsil müəssisəsinin rəhbərliyi adından şəhid ailəsinə ehtiramını bildirərək Vətən müharibəsində şəhid və qazi olan bütün tələbə və məzunların daim universitet rəhbərliyinin diqqətində olduğunu, universitetdə və filiallarda şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Şəhidin anası Sevinc xanım Orxanın hərbi formadakı şəklini ADPU ailəsinə xatirə kimi hədiyyə edib.