ADPU-nun Şamaxı Filialının kollektivi Novruz bayramına həsr edilmiş tədbiri şəhid ailələrilə birgə qeyd etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının kollektivi Azərbaycan xalqının milli bayramı olan Novruz bayramı ilə bağlı tədbiri Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş həmvətənlərimizin ailələri ilə birgə qeyd etdi.
Ziyarət olunan hər bir şəhid ailəsinə filialın kollektivi tərəfindən maddi və mənəvi dəstək göstərildi.
Belə ki, ilk olaraq filialın şəhid məzunları, Bakı şəhərinin Müşviqabad qəsəbəsində dəfn olunmuş şəhid-baş leytenant Elgün Əzizovun və Şamaxı rayonu Qurdtəpə kəndində dəfn olunmuş şəhid-leytenant Orxan Nəbiyevin məzarları onların ailə üzvləri ilə birgə ziyarət olundu, məzarlar üzərinə əklil və gül dəstələri qoyuldu.
Sonra filialın yerləşdiyi Şəhriyar qəsəbəsinin sakinləri olan şəhidlərimiz – Tərlan Amanaliyev və Zahid Manafovun ailələri də ziyarət olundu.
Görüşlər zamanı filialın direktoru, dos.Tünzalə Yusifova ölkə başçısı cənab prezidentimiz İlham Əliyev və I vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən qazilərin sağlamlığına qayğıdan, şəhid ailələrinə maddi və mənəvi dəstəkdən danışdı. Vətən müharibəsi şəhidlərinin, qazi və iştirakçılarının təltif olunmaları, onların ailələrinə mənzillərin verilməsi, qazilərimizin sağlamlıqlarına qovuşmaları üçün bütün lazımi tibbi yardımların edilməsi qeyd edildi. T.Yusifova onu da qeyd etdi ki, cənab prezidentimiz işğal altında olan torpaqlarımızı azad etməklə, doğma torpaqlarını, xalqını sevməklə bir daha hər bir azərbaycanlının prezidenti olduğunu göstərdi.
Elə həmin gün fillialın məzunu Kərimova Aydan və onun körpəsi də ziyarət olundu. Qeyd edək ki, Aydanın həyat yoldaşı Ramil Musayev də Vətən müharibəsi şəhididir. Yenicə dünyaya göz açmış körpə atasının adını daşıyır.
Bayram ərəfəsində Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etməyi də özünə müqəddəs borc bilən filial kollektivi xiyabanı ziyarət etdi, şəhid məzarları önünə gül dəstələri düzərək onların ruhuna dualar oxundu.
Allahdan bütün qazilərimizə can sağlığı, şəhidlərimizə rəhmət diləyirik.