ADPU-NUN ŞAMAXI FİLİALININ BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN

QEYDİYYAT QAYDALARI

2024/2025-ci tədris ilində ADPU-nun Şamaxı filialının bakalavriat səviyyəsinə qəbul olunmuş şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılacaq.

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Abituriyentlər https://portal.edu.az/ platformasında “Xidmətlər” bölməsində “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. Müəyyən edilmiş tarixə kimi qeydiyyatdan keçməyən abituriyentlər ali təhsil müəssisəsinə qəbul olunmaqdan imtina etmiş hesab olunur.

Qeydiyyat zamanı tələb olunan sənədlərlə posterlərdə tanış ola bilərsiniz.

Sənədləri yüklədikdən sonra, hansısa düzəliş yoxdursa, ödəniş hissəsinə keçiriləcək. Ödənişi birbaşa https://portal.edu.az/ üzərindən şəxsi səhifənizdə bank kartları vasitəsilə, “Birbank” tətbiqi, “Emanat” və “Eksprespay” ödəniş aparatları ilə FİN kod vasitəsilə (bu hallarda ödəniş portalda avtomatik qaydada əks olunacaq), banklarda isə invoys kodla (invoys kod ödəniş hissəsində sizə veriləcək) ödəyə bilərsiniz (bu halda ödəniş qəbzini sistemə yükləməlisiniz).

 

Təhsil haqqının minimum 50%-i ödənilməlidir.

Təhsil Tələbə Krediti Fonduna (TTK) müraciət edən tələbələr təhsil müəssisəsini məlumatlandırmalıdırlar. Bunun üçün elektron qeydiyyat zamanı müvafiq bənd işarələnməlidir.

Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan, yaxud təhsil haqqına güzəşt hüququ olan tələbələr elektron qeydiyyat zamanı müvafiq bəndi seçərək aid olduqları kateqoriyanı seçməli və tələb olunan sənədlərin elektron variantını sistemə yükləməlidirlər.

Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər.

Əlavə məlumat:

Ünvan: Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi

Tel.: 02096370, 0202696124

Mobil:  994 517758081

E-mail: adpu.shamaxifiliali@mail.ru

Sayt: https://shamakhi-adpu.az/

 

“PORTAL.EDU.AZ”DA QEYDİYYATDAN KEÇƏRKƏN AŞAĞIDAKI SƏNƏDLƏRİN PDF FORMASI SİSTEMƏ ƏLAVƏ OLUNMALIDIR:

 

Xaricdə təhsil alan Azərbaycan vətəndaşları üçün ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd

Oğlanlar üçün ilkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi hərbi biletin surəti

Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan və ya təhsil haqqına güzəşt hüququ olan tələbələr üçün bu hüququ təsdiq edən sənədlər

 

Tələbələr digər sənədləri dərslər başladıqdan sonra əyani surətdə universitetə təqdim edirlər.

 

ADPU-NUN ŞAMAXI FİLİALINA YENİ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN 16-23 SENTYABR 2024-CÜ İL TARİXLƏRİNDƏ ƏYANİ OLARAQ TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏR

 

Tam orta təhsil haqqında sənəd (Attestat) və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənəd (kollec və ya ali təhsil müəssisəsinin 2023/2024-cü tədris ilinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);

Fotoşəkil (ağ fonda) – 4 ədəd (3×4) (hicablı xanımlar şəxsiyyət vəsiqəsindəki şəkli kimi);

Şəxsiyyət vəsiqəsinin surəti;

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün);

Tibbi arayış (Forma – 086) (şəkilli);

Müqavilə (Ali təhsil müəssəsi tərəfindən veriləcək)

Ödənişli əsaslarla qəbul olunub təhsil haqqından azad olunan və ya güzəşt hüququ olan tələbələr üçün müvafiq təsdiqedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri

 

TƏHSİL TƏLƏBƏ KREDİTİ ƏLDƏ ETMƏK İSTƏYƏN TƏLƏBƏLƏR ÜÇÜN MƏLUMAT

TTK əldə etməyiniz üçün ASAN login (Digital login) və ya notariusdan alınmış ərizə nömrəsi ilə www.e-ttkf.edu.az sistemində qeydiyyatdan keçməlisiniz, parelel olaraq “portal.edu.az”da onlayn qeydiyyat zamanı təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandırmalısınız.

 

TTK haqqında ətraflı məlumat üçün:

Təlimat: https://e-ttkf.edu.az/Content/Documents/InstructionFile.pdf

Ən çox verilən suallar: https://e-ttkf.edu.az/Content/Documents/FAQ.pdf

 

TƏHSİL HAQQINDAN AZAD OLUNMA, TƏHSİL HAQQINA GÜZƏŞTLƏR VƏ TƏLƏB OLUNAN SƏNƏDLƏR

 

Aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

 

VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLAN ŞƏXSLƏR

Hər iki valideyni vəfat etmiş; bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş; valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər (övladlığa götürüldükdə belə) ali, orta ixtisas və peşə təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində əyani formada 23 yaşınadək təhsil alan şəxslər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il № 833-

IIIQ) Maddə 14.8-1.1

“Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il № 693-İQ)

valideynlərini itirmiş uşaqlar – hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;

valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan şəxslərdir:

–        məlum olmayan;

valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;

xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;

cəzaçəkmə müəssisələrində cəzasını çəkən;

 

uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;

uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən;

qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.

Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;

 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar.

 

 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər – valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

 

Valideynlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də ödənişli əsaslarla təhsil aldıqları müddətdə bu hüquq onlara şamil olunur.

 

Bu qəbldən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.

 

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti;

Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti – 2 ədəd;

Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olarsa, həmin valideynin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunan arayışı (TSEK).

Övladlığa götürülmə haqqında şəhadətnamənin və məhkəmə qətnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri (ödənişli əsaslarla ali təhsil müəsisələrinə qəbul olunan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş övladlığa götürülən tələbələr üçün).

 

ŞƏHİD AİLƏSİNİN ÜZVÜ STATUSU MÜƏYYƏN EDİLMİŞ ŞƏXSLƏR

 

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası Qanunu”na müvafiq olaraq şəhid ailəsinin üzvü statusu almış dövlət peşə, orta ixtisas, ali təhsil müəssisələrində və AMEA-nın magistratura səviyyəsində 23 yaşınadək əyani təhsil alan şəxslər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il № 833-

IIIQ) Maddə 14.8-1.2

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ( 15 yanvar 1994-cü il № 10)

Şəhid ailəsinin üzvləri aşağıdakılar hesab olunurlar:

arvadı (əri);

valideynləri;

18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;

uşaq evlərində tərbiyə olunan qardaş və bacılar;

babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;

əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

Şəxsiyyət vəsiqəsi;

“Şəhid” statusu barədə sənəd;

Tələbənin doğum haqqında şəhadətnaməsi;

Şəhidin ölüm haqqında şəhadətnaməsi.

 

MÜHARİBƏ VETERANLARI

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il № 833- IIIQ) Maddə 14.8-1.3

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti;

“Müharibə veteranı” vəsiqəsinin notariat qaydada təsdiq edilmiş surəti.

 

ƏLİLLİYİ MÜƏYYƏN EDİLMİŞ ŞƏXSLƏR

 

Ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan orqanizmin funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il № 833- IIIQ) Maddə 14.8-1.4

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti;

Orqanizm funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən tələbələrə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş arayış (TSEK).

 

ŞƏHİD VƏ MÜHARİBƏ ƏLİLLƏRİNİN ÖVLADLARI

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları.

Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu (19 iyun 2009-cu il № 833- IIIQ) Maddə14.8-1.5

 

Tələb olunan sənədlər:

Direktorun adına ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin surəti;

Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrun- da həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edi- lən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti.

 

MƏCBURİ KÖÇKÜN STATUSU OLAN ŞƏXSLƏR

 

Dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olataq məcburi köckün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

 

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu (19 iyun 2009-cu il № 833-

IIIQ) Maddə 14.8-1.6

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ( 21 may 1999-cu il № 668-IQ)

 

Tələb olunan sənədlər:

Direktorun  adına ərizə;

Şəxsiyyət vəsiqəsinin surəti;

“Məcburi köçkün” vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti.

Paylaşın: