ADPU-nun Şamaxı filialının əməkdaşları “III Beynəlxalq Autizm ABA Azərbaycan” konfransında iştirak edib.
Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Regional İnkişaf” İctimai Birliyi və “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransın məqsədi autizm sindromunun erkən aşkarlanması, müdaxiləsi üzrə xidmətlər, eləcə də autizmli şəxslərin ömürboyu təhsil və məşğulluğunun təmin olunmasında inklüziv və multidisiplinar yanaşmalara əsaslanan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, eyni zamanda, ictimaiyyətin diqqətini bu şəxslərin problemlərinə yönəltmək, autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.
Artıq 3 ildir keçirilən konfransın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, autizmli uşaqlar üçün əsas və yeganə müalicə-ünsiyyət və təlimdir. Bundan əlavə, autizmli uşaqların ictimailəşdirilməsində vacib bir məqam inklüziv təhsil sisteminin qurulmasıdır.
Daha sonra beynəlxalq və yerli ekspertlər çıxış etdilər.
İki gün davam edən konfransda fəal iştirak edən ADPU-nun Şamaxı filialının əməkdaşları — Sosial və humanitar məsələlər üzrə direktor müavini, baş müəllim Şəlalə Seyidova və Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Səkinəxanım Xasıyeva sertifikatla təltif olundular.