ADPU-nun Şamaxı filialında “Zəfər yolu” adlı tədbir keçirildi.
Bu günlərdə dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri sayılan Müstəqil Azərbaycan Respublikası Zəfər bayramını və Dövlət Bayrağı Gününü qeyd edir.
Tarixi Zəfər gününün birinci ildönümü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında da silsilə tədbirlərlə təntənəli şəkildə qeyd olundu.
Zəfər günü ərəfəsində filialın direktoru, dosent Tünzalə Yusifova Şamaxı rayonu üzrə millət vəkili Tamam xanım Cəfərova ilə birlikdə Vətən müharibəsi şəhidlərinin ailələrini növbəti dəfə ziyarət etdilər.
Sonra filialın həyətyanı sahəsində Zəfər tarixinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı flaşmob təşkil olundu.
44 günlük Zəfər yürüşündə dastan yazan qəhrəmanlarımızı anmağı hər zaman özünə borc bilər filialın müəllim və tələbə heyəti Şamaxı rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhid məzarlarına gül dəstələri qoyuldu, dualar oxundu.
5 noyabr tarixində Zəfər Günü ərəfəsində Tələbə Gənclər Təşkilatı və Art klubun təşkilatçılığı ilə təşkil olunan “Zəfər yolu” adlı rəsm və əl işləri müsabiqəsi filialın həyətyanı sahəsində şəhid məzunların xatirəsinə əbədiləşdirilmiş xatirə lövhəsinin önündə onların yad olunması ilə başladı. Müsabiqə iştirakçılarının təqdim etdikləri işlər sərgidə nümayiş olundu. Filialın professor-müəllim heyətindən ibarət münsiflər rəsm və əl işlərinə baxış keçirdikdən sonra müsabiqə qalibləri müəyyənləşdi.
Elə həmin gün filialın akt zalında pandemiya qaydaları gözlənilməklə professor-müəllim heyətinin, tələbələrin və Vətən müharibəsi iştirakçısı olan məzunlardan Qurban Mürsəlov, Rasim Hüseynzadə, Ümid Rəsulovun iştirak etdiyi “Zəfər yolu uğrunda” adlı tədbir təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova bütün tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik etdi. Qeyd olundu ki, bu gün həm də Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi günü, hələ Sovet dövründən başlanan ərazi ədavətinin, tarixi əsası olmayan Qarabağ münaqişəsinin sona yetdiyi gündür. Bu baxımdan biz özümüzü xoşbəxt xalq hesab edə bilərik. 27 sentyabr 2020-ci ildə başlanan əks hücüm əməliyyatında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günə düşmənin canlı və hərbi qüvvəsini darmadağın edərək illərin torpaq həsrətinə son qoydu. O tarixi günlərdə Azərbaycan xalqı birlik olub yumruğunu bir hədəfə vurdu. Nələrin şahidi olduq: siyasi və hərb sahəsində əsl strateq nümunəsi göstərən ölkə rəhbəri, gülərək döyüşə atılan igidlər, “Məni də cəbhəyə göndərin” deyən qazilər, “Get, düşməni məhv elə!” deyə oğlunu cəbhəyə yola salan analar, şəhid yoldaşının, qardaşının cənazəsini çiynində daşıyan qız-gəlinlər, təqaüdünü orduya göndərən ağsaqqal ata, ölümün gözünə dik baxan neçə-neçə igidlər…
Çıxışda o da vurğulandı ki, Tarixi qələbə cənab Prezidentin 17 ildir həyata keçirdiyi siyasətin və yetişən gənc nəslə verilən vətənpərvərlik tərbiyəsinin nəticəsi idi. Filialın məzun şəhidləri Orxan Nəbiyev və Elgün Əzizovun, həmçinin müharibə iştirakçısı olan məzunların tələbəlik illərindən də bəhs edən Tünzalə xanım Yusifova belə mərd oğullar yetirən xalqın Qarabağda toylu-büsatlı günlərinin hələ qabaqda olduğunu qürur hissi ilə qeyd etdi.
Sonra tələbə təşkilatlarının hazırladıqları bədii hissəyə keçid edildi.
Şəhid Xudayar Yusifzadənin timsalında bütün şəhidlərimizə həsr olunan “Dastana döndü” səhnəsi ilə başlanan bədii hissədə Zəfər ruhu ilə coşub-daşan şeirlər, məzun şəhidlərimizin xatirəsinə həsr olunmuş “Cənab Leytenant” mahnı-kompozisiyası, milli rəqs və vətənpərvərlik mahnıları tədbir iştirakçılarına duyğulu anlar yaşatdı.
Sonda bir daha qeyd olundu ki, bu Qələbə sevincini bizlərə bəxş edən şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və gələcək nəsillər 44 günlük tarixi səlnaməni öyrənərək yetişəcəklər.
Zəfər Günü ərəfəsində filialın müəllim və tələbə heyəti tərəfindən şəhid ailələrinə ziyarətlər də təşkil olundu.
Qeyd edək ki, 8 noyabr tarixində filialın bütün kollektivi Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə də fəal şəkildə iştirak etdilər. Şəhidlər Xiyabanının ziyarət olunması ilə başlanan tədbirdə ağacəkmə aksiyası da keçirildi.
Sonra Heydər Əliyev parkında təntənəli tədbir keçirilidi.Tədbirdə aparıcı qismində filialın tələbələri iştirak edirdilər.
Zəfər günü ilə bağlı keçirilən tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və digər çıxışçılarla yanaşı filialın direktoru, dosent Tünzalə Yusifova da çıxış edərək onu da qeyd etdi ki, məhz Ulu Öndərin siyasətinin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu gün xalqımız Zəfər Gününü qeyd edir.
Tədbirdə müxtəlif medallarla təltif olunan Şamaxı rayonunun müharibədə iştirak edən gəncləri ilə yanaşı, filialın məzunu Rasim Hüseynzadə də “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.