ADPU-nun Şamaxı filialında Xocalı Soyqırımı qurbanları anıldı.
Fevralın 26-sı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Xocalı soyqırımına həsr olunmuş anım tədbir keçirildi. Tədbir filialda şəhid-məzunların xatirəsinin əbədiləşdirildiyi məkanda pandemiya şəraiti qaydalarına əməl olunmaqla baş tutdu. Tədbirdə filialın professor-müəllim heyəti və tələbələri iştirak edirdilər.
İlk olaraq saat 17:00-da Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan filialın direktoru Tünzalə Yusifova 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının da qisasının alınmasından və torpaqlarımızın azad olunmasından bəhs etdi. O, filialın məzunları Elgün Əzizov və Orxan Nəbiyevin məhz tarixi zəfər yürüşündə şəhid olduqlarını bildirdi.
Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının müdiri, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri, dosent Mayıl Alıcanov, Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov, kitabxana müdiri Vəsilə Razımi Xocalı soyqırımının acı həqiqətlərindən və Vətən müharibəsində iştirak edən məzunlarımızdan söz açdılar.
Qeyd edək ki, ADPU-nun Şamaxı Filialının kitabxanasında Xocalı Soyqırımının tarixi faktlarını əks etdirən guşə də yaradılmışdır.