ADPU-nun Şamaxı filialında professor İntiqam Cəbrayılovun təqdimatında Ümummilli lider Heydər Əliyev ili çərçivəsində “Tarixin tədrisi metodikasının müasir problemləri” mövzusunda ustad dərs keçirildi.
Seminarda filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edirdi. Filialın direktoru dosent Tünzalə Yusifova prof. İntiqam Cəbrayılovu və tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Şamaxı filialında aktual mövzulara həsr olunmuş elmi tədbirlərin keçirilməsi ənənəvi hal almışdır. “Heydər Əliyev ili” çərçivəsində növbəti seminar çiçəklənən Azərbaycanımızın tarixi və onun tədrisi metodikasına həsr olunmuşdur. Böyük tarixi uğurlara imza atan Azərbaycan dövlətinin tarixinin sistemli tədrisi bu gün həqiqətən vacib məsələdir. Xüsusi vurğulandı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan yeni tarixi zəfərlər əldə etdikcə tariximiz qızıl hərflərlə yenidən yazılacaqdır.
Azərbaycan Respublikasının Təhsil İnstitunun Təhsil nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixinin bir sıra aktual məsələlərinin, o cümlədən xalqımızın mənşəyi, dövlətçiliyimizin təşəkkülü və formalaşması, şanlı keçmişimizin ümumdünya tarixində yeri və sair bu kimi mühüm tarixi problemlərin hərtərəfli, dərindən, ən başlıcası obyektiv tədqiqini ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə tarixçilər qarşısında aktual və təxirəsalınmaz vəzifə kimi qoymuşdu. “Tarixin tədrisi metodikasının müasir problemləri” adlı çıxışında müasir dövrdə tarix fənninin tədrisinə verilən tələbləri, elmi tədqiqatların aparılması texnologiyalarını, problem baxımından mövcud təcrübənin öyrənilməsini, müvafiq metodikanın hazırlanması və tətbiqi məsələlərini ətraflı şərh edib. Məruzəçi həm də Tarixin təlimi metodikasının mənbələri, pedaqoji-psixoloji və başqa elmlərlə əlaqəsindən bəhs etdi, tarix təlimi tarixi həqiqətlərin dərk edilməsi prosesi kimi məsələlərə aydınlıq gətirdi.
Məruzənin sonunda tələbələri maraqlandıran suallar professor İntiqam Cəbrayılov tərəfindən cavablandırılıb.
Sonda elmi seminarın təşkilinə görə professor İntiqam Cəbrayılova təşəkkürnamə təqdim olundu.