Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Departamentinin “Qəhrəmanlar unudulmur!” layihəsi çərçivəsində XIII tədbir keçirildi.
Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələri iştirak edirdi.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Bu gün şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaqdır.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, f.ü.f.d Eyvaz Eminalıyev , Kitabxana və elektron resurslar şöbəsinin əməkdaşı Münəvvər Məmmədova, Məktəbəqədər təhsil ixtisasının IV tədris ili tələbəsi Firəngiz Səmiyeva “Antiterror əməliyyatı” zamanı Şamaxıdan şəhid olmuş -Əliyev Fərid Tofiq oğlu, Hüseynov Səbuhi Məhbub oğlu, Abdullayev Seyfi Fəqan oğlu və Dünyamalıyev Rüstəm Nəriman oğlu haqqında məlumat verərək, xatirəsini yad ediblər.