Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında buraxılış tədris ili tələbələrinin pedaqoji internatura və təcrübəsinin yekun konfransı keçirildi. Konfransda filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti, buraxılış ili tələbələri və onların pedaqoji təcrübə keçdikləri müəssisələrin rəhbərləri iştirak edirdi.
Konfransdan əvvəl tələbələrin pedaqoji təcrübə zamanı hazırladığı əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Konfransı giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq pedaqoji təcrübəni uğurla başa vuran tələbələri ürəkdən təbrik etdi. O qeyd etdi ki, pedaqoji təcrübə tələbələrin gələcək həyatlarında vacib rol oynayır, onların bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb edir. Pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri tətbiq edərək möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Sevindirici haldır ki, tələbələrimiz pedaqoji təcrübədə olduqları müddətdə öz fəallıqları ilə fərqlənmiş və müəssisə rəhbərləri tərəfindən fəxri fərman və təşəkkürnamələr ilə təltif olunmuşlar.
Sonra tələbələrin pedaqoji təcrübədəki fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Ardınca Tədris şöbənin müdiri Fəxrəddin Məmmədov, Pedaqoji təcrübə rəhbəri Rasim Nərmanov, pedaqoji təcrübənin təşkili və keçirilməsi haqqında statistik məlumatlar əsasında ətraflı çıxış edib. Qeyd olunub ki, pedaqoji təcrübə yüksək səviyyədə keçirilib və onun qarşısına qoyulan tələblər tam yerinə yetirilib.