Bütün adət – ənənələri özündə əks etdirən tədbirdə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib. Filialın direktoru dosent Tünzalə Yusifova qarşıdan gələn Novruz bayramı münasibətilə hər kəsi təbrik edib və neçə gözəl zəfər dolu bayramlar arzulayıb.
Şənlikdə tələbələrin hazırladığı bayram xonçaları, müxtəlif növ şirniyyatlar və Novruz bayramı ilə bağlı maraqlı əl işləri sərgilənib. Milli geyimdə olan tələbələrin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajlarının iştirakı baş tutub. Bayram şənliyində tələbələrin iştirakı ilə kiçik səhnəciklər təqdim edilib. Tələbələr arasında maraqlı oyunlar, ən yaxşı süfrə dekorasiyası, ən gözəl şəkərbura bəzəyi, yumurta boyanması, səməni, yumurta döyüşü kimi yarışlar keçirilib.
Şənlikdə həmçinin bayram tonqalı qalanıb, müəllim və tələbələr tonqal ətrafında yallı gediblər. Filialın müəllim və tələbə heyəti şən, oynaq musiqi sədaları altında rəqs ediblər. Bahar şənliyi bütün iştirakçılarda xoş əhval – ruhiyyə və bayram sevinci yaradıb.