ADPU-nun Şamaxı Filialında “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirildi.

Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında “Polisə Dəstək” İctimai Birliyi ilə birgə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilidi. Tədbirdə filialın rəhbərliyi, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, filialın müəllim və tələbə heyəti iştirak edirdilər.

Giriş sözü ilə  çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova insan alverinin ümumbəşəri problem kimi insan hüquq və azadlıqlarına, vətəndaşların iradə azadlığına zidd olmasını iştirakçıların diqqətinə çatdırmış, bu cinayətlərin qarşısını almaq və risk qrupuna aid ola biləcək “qurbanları” maarifləndirmək məqsədilə profilaktik əhəmiyyət kəsb edən ictimai tədbirlərin keçirilməsinin vacib olduğunu vurğuladı. Qeyd olundu ki, dövlətin cinayətkarlıqla mübarizə siyasətinə dəstək vermək məqsədilə ADPU-nun Şamaxı filialında  maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsi hər zaman diqqət mərkəzindədir.

Məruzə ilə çıxış edən “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 2005-ci ildən başlayaraq bu sahədə əldə etdiyi uğurlardan danışdı. Natiq insan alveri qurbanlarının mühafizəsi və cəmiyyətə reinteqrasiyası, habelə Transmilli mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü olan insan alverinə qarşı mübarizənin vəziyyəti barədə iştirakçılara məlumat verdi və Milli Fəaliyyət Planının tələblərinə müvafiq olaraq dövlət orqanları ilə QHT-nın, təhsil müəssisələrinin, habelə KİV-in birgə fəaliyyətinin önəmli rol oynadığını qeyd etdi. Məruzədə BMT-nin statistikası ətrafında da fikirlər söyləndi, insan alveri ilə bağlı beynəlxalq təşkilatların uğursuz fəaliyyətindən dünya ictimaiyyətinin haqlı narahatlığı da vurğulandı. İl ərzində insan alverindən əldə edilən gəlir 32-35 milyard dollar təşkil edir və 2,5 milyon insan bu cinayətin müxtəlif formalarından əziyyət çəkir. İnsan alveri qurbanları arasında qadın və uşaqların say çoxluğuna diqqət yönəldildi.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov qlobal problem olan insan alverinin yaranma tarixindən və mahiyyətindən, faktiki olaraq bütün dünya ölkələrində ağır cinayət hesab olunmasından danışdı. Çıxışda insan alverinin həm milli, həm də transmilli xarakter daşıması xüsusi vurğulandı.

Tədbir diskussiya şəraitində davam etdi və verilən suallar cavablandırıldı.

 

Paylaşın: