ADPU-nun Şamaxı filialında «İcma əsaslı məktəbədər təhsil» layihəsi çərçivəsində təlimlərə start verildi.
Avqustun 9-dan etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2021-2022-ci tədris ilində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq və eləcə də artıq bir neçə ildir işləyən bir qrup tərbiyəçi müəllimlər üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması məqsədilə 108 saatlıq pedaqoji kurs” təşkil edilir. Kurs 2017-ci ildən başlayaraq UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən icra edilən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində həyata keçirilir.
Layihə, 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, İcma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Həmçinin, layihə, məktəbəqədər və ibtidai təhsil səviyyələrində vətəndaş iştirakını təmin etməklə, Azərbaycanın ucqar kənd icmalarında daha keyfiyyətli təhsil xidmətlərinə nail olmaq məqsədini daşıyır. Xüsusi vurğulanmalıdır ki, bu layihə regionların inkişafı sahəsində aparılan dövlət siyasətinə dəstək göstərilməsinə xidmət edir.
Qeyd edək ki, layihənin istiqamətlərindən biri olan pedaqoji kurslar ARTİ və innovativ layihələrdə iştirak məsələsini hər zaman diqqət mərkəzində saxlayan ADPU-nun birgə əməkdaşlığı ilə hazırlanmışdır. ADPU – nun Şamaxı filialı da layihənin həyata keçirilməsiində uğurla iştirak edir. Belə ki, ARTİ-nin 20-25 iyun və 1-4 iyul 2021-ci il tarixlərində keçirdiyi təlimlərində filialımızın 6 müəllimi – Şəlalə Seyidova, Mətanət Rəhimova, Ruqiyyə Babaşova, Sənubər Şükürova, Şəfəq Musayeva və Səkinəxanım Xasıyeva fəal iştirak etmişdir. Keçirilən təlimlər nəticəsində əməkdaşlarımız məktəbəqədər təhsil sahəsində bilik və bacarıqlarını genişləndirərək təlimçilik statusu qazanmışlar.
Hazırda ADPU-nun Şamaxı filialında iki qrup üzrə təlimlər 4 təlimçi tərəfindən həyata keçirilir. Təlimçilərdən iki nəfər – Şəlalə Seyidova və Səkinəxanım Xasıyeva layihə rəhbərliyinin dəvəti ilə fəaliyyətlərini ADPU-da keçirilən təlimlərdə davam etdirirlər.
Təlimlərin keçirilməsi üçün ADPU-nun Şamaxı filialında müvafiq şərait yaradılmışdır. Müasir standartlara uyğun texniki vasitələr və sürətli internetlə təchiz olunmuş otaqlar və digər təlim vasitələri təlimçi və kurs iştirakçılarının səmərəli öyrədici mühitdə işlərini davam etdirmələrində mühüm əhəmiyyət kəsb edir.