ADPU-nun Şamaxı filialında Elmi Şuranın növbəti iclası keçirildi.
İyulun 14-ündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Elmi Şuranın növbəti-yaz semestrinin imtahan sesiyasının nəticələri, tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı iclası keçirildi.
Pandemiya dövrünün qaydalarına uyğun olaraq əyani şəkildə keçirilən Elmi şuranın iclasında giriş sözü ilə çıxış edən sədr, filialın direktoru, dos. Tünzalə Yusifova pandemiya dövründə filialın professor-müəllim heyətinin əzmlə çalışdığını, həmçinin tələbələrin dərslərə davamiyyəti ilə bağlı ciddi çətinliklərin olmadığını qeyd etdi. İmtahan sesiyasında da tələbələrin hazırlığının yüksək səviyyədə olduğu filialın müvəffəqiyyət və keyfiyyət göstəricilərində özünü göstərdiyi qeyd edildi. Vurğulandı ki, filialın tələbə qəbulu planına 2 yeni ixtisasın- Fizika müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisaslarının əlavə olunması növbəti tədris ili üçün qarşıya yeni vəzifələr qoyur. T. Yusifova bildirdi ki, filialın 30 illik yubileyinin qeyd olunması ilə əlaqədar tədbirlər planına əsasən tədbirlərin keçirilməsi 2021-2022-ci tədris ilində də davam etdiriləcəkdir.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini, fəlsəfə doktoru Şasəddin Mikayılov gündəlikdə duran əsas məsələ- yaz semestrinin imtahan sesiyasının nəticələri və tədris ilinin yekunlarına dair hesabatla çıxış etdi. Hər üç kafedranın yaz imtahan sesiyası ilə bağlı ayrıca hesabatı, müəllimlərin elmi fəaliyyəti və yeni tədris ilində qarşıda duran vəzifələr barədə məlumatları dinlənildi.
Sonra filialda il ərzində keçirilmiş mədəni-kütləvi tədbirləri və tələbə təşkilatlarının fəaliyyəti barədə hesabat dinlənildi.
Cari məsələlər müzakirəyə çıxarıldıqdan sonra rəy və təkliflər dinlənildi. Yekun qərar qəbul edildikdən sonra Elmi şura 2020/2021-ci tədris ili üçün öz işini bitmiş hesab etdi.