ADPU-nun Şamaxı Filialında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirildi.

Fevralın 20-də ADPU-nun Şamaxı Filialının Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirildi. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Tünzalə Yusifova qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci ildə sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında ”Qanunun qəbul edilməsi Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Xüsusi vurğulanmalıdır ki, milli sərvət olan ana dilimizin saflığının qorunması bü gün Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin siyasi kursunun əsas istiqamətlərindəndir.

Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir.  Zaman-zaman ana dilimizin inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişmişdir. Bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.

Kafedranın əməkdaşı Baxşiyeva Sevinc “Azərbaycan dilinin təşəkkülü tarixindən” mövzusunda çıxışında Azərbaycan dilinin kökləri eramızdan  əvvəl I minilliyə – manna, maday, kas və alban dillərinə gedib çıxmasından danışdı. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı bu dildə danışır.

Kafedranın müəllimi Səkinəxanım Xasıyeva “Azərbaycan dilinin inkişafında Heydər Əliyev mərhələsi” adlı çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin yad ünsürlərdən qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.

Tədbirdə “Azərbaycan ədəbi dilinin inkişafında dialekt və şivələrin rolu” mövzusunda çıxış edən Sənubər Şükürova ədəbi dilin lüğət tərkibinin zənginləşməsində dialekt və şivələrin rolundan danışdı. Çıxışçı vurğuladı ki, dialektlərdən ədəbi dilə keçən sözlər daha geniş ərazidə yayılan və anlaşılan olmalıdır. Lakin kortəbii şəkildə dilimizdə işlənilən dialektizmlər ədəbi dilimizin normalarını poza bilər. Odur ki, ədəbi dilimizi qorumaq, normalara uyğun danışmaq hər birimizin borcudur.

Tələbələr adından çıxış edən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Nərgiz Bağıyeva ana dilimizin qorunmasında gənclərin üzərinə düşən öhdəliklərdən, dilimizin saflığı uğrunda fəal mübarizəyə qoşulmağın əhəmiyyətindən bəhs etdi. Həmin ixtisasın tələbəsi Narınc Cəbrayılova isə ana dilimizin inkişafında böyük rolu olan dahi şair Bəxtiyar Vəhabzadənin “Ana dilim” şeirini səsləndirdi.

Paylaşın: