ADPU-nun Şamaxı Filialında 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirildi.
Martın 31-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 31 Mart Azərbaycanlıların Soyqımı Gününə həsr olunmuş onlayn tədbir keçirildi.
İlk olaraq erməni terrorunun qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova qeyd etdi ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 103 il öncə törədilmiş bu cinayətlərə hələ də beynəlxalq səviyyədə həqiqi siyasi qiymət verilməmişdir. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama siyasi qiymət verildiyini diqqətə çatdırdı. Sevindirici və qürurverici haldır ki, 2020-ci ildə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi ilə Rəşadətli Azərbaycan Ordusu haqq səsimizi döyüş meydanında ucaltdı və əsrlərdir davam edən münaqişə öz həllini tapdı.
Məruzə ilə çıxış edən Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov Azərbaycanlılara qarşı törədilmiş soyqırımın eyni zamanda bütün müsəlman və türk dünyasına qarşı törədilməsinin bir fakt olduğunu diqqətə çatdırdı. Bildirildi ki, ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı qruplaşmalarının Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və deportasiya siyasəti nəticəsində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində günahsız soydaşlarımız qətlə yetirilib.
Tələbə Gənclər Təşkilatının sədri Hilal Mürsəlov Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradıldığını vurğuladı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra baş verənlərin sona qədər tədqiq edilməsinin qarşısı alınıb. Tələbə Elmi Cəmiyyətinin sədri İnci Abdulsəlimli çıxışında qeyd etdi ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş bir çox cinayətlərə cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Ermənistanın siyasi rəhbərliyini kaputiliyasiya aktına imza atmağa məcbur etmişdir. Çıxışlarda o da qeyd olundu ki, Azərbaycan gəncliyi gündən-günə çiçəklənən Azərbaycan uğrunda bütün sahələrdə qürurla fəaliyyət götərir, bir daha xalqımıza qarşı törədilən cinayətlərin təkrarlanmaması üçün əlindən gələni edir.
Sonda filialın tələbələrinin də iştirak etdikləri “Keçmişdən gələcəyə çağırış” adlı videoçarx nümayiş olundu.