ADPU-nun Şamaxı filialında 2021/2022 -ci tədris ilinin qış imtahan sessiyası davam edir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sesiyasının təşkili və keçirilməsi barədə” əmri və ADPU-nun müvafiq normativ sənədləri əsasında təşkil olunmuşdur. İmtahan sesiyası filial direktorunun əmri və tədris qrafikinə uyğun olaraq təsdiq olunmuş cədvəl əsasında keçirilir.
İmtahan sesiyasının başlaması ilə əlaqədar ilk olaraq imtahanların məsləhət saatları üzrə cədvəl hazırlanmış, hər imtahandan bir gün əvvəl tələbələrin məsləhət saatlarında iştirakı təmin edilir. Tələbələrin imtahan qabağı semestr balları vaxtında tələbələrə çatdırılır. İmtahanlar bir qayda olaraq saat 0900-da başlayır və saat 1100-da başa çatır.
İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir və təyin olunmuş ixtisas müəllimləri tərəfindən yoxlanılaraq qiymətləndirilir. Günün sonuna qədər bütün imtahanların nəticəsi tələbələrə elan edilir. Kənar şəxslərin imtahanlarda və yoxlama prosesində iştirakı yalnız filial direktorunun icazəsi ilə həyata keçirilir.
Tələbələrin imtahan nəticələrinin qiymətləndirilməsi ilə bağlı olan şikayətlərini araşdırmaq və düzgün qitmətləndirməni təmin etmək məqsədi ilə filialın II mərtəbəsində, 202-ci otaqda (tel: 020-26-6-64-00; apellyasiya_adpu_shamaxi@mail.ru) Apellyasiya komissiyası fəaliyyət göstəriir. Tələbələr imtahanın nəticəsindən narazı qaldıqları halda, nəticələr elan olunduqdan sonra 3 gün müddətində Apellyasiya komissiyasına ərizə ilə mürəciət edə bilərlər. Komissiya tələbələrin imtahan cavablarına yenidən baxaraq obyektiv qərar çıxarılmasını təmin edir. Sessiya müddətində imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi üçün imtahanların gedişində yarana biləcək neqativ halların qarşısının alınmasını, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin operativ araşdırılmasını, vətəndaşların müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə filialın 17.12.2021-ci il tarixli 02/77 nömrəli əmri ilə tədris korpusunun birinci mərtəbəsində (101-ci otaq, qerargah_adpu_shamaxi@mail.ru) İmtahan qərargahı yaradılmışdır.
İmtahan qərargahının əsas vəzifəsi daxil olan hər bir yazılı və ya şifahi şikayətin qısa müddətdə operativ şəkildə araşdırılması üçün direktorluğa məlumat veməkdir.
İmtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına da şərait yaradılmışdır. Belə ki, Şamaxı rayonunun qabaqcıl təhsil işçilərindən ibarət olan İctimai Şuranın üzvləri yanvarın 11-də imtahan keçirilən auditoriyalarda yaradılan şəraitlə tanış olub, imtahan prosesini izləyirlər. İctimai Şuraya 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasında imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib. İctimai Şura öz növbəsində filialda yaradılan tədris və imtahan şəraitinə görə filialın direktoru, dosent Tünzalə Yusifovaya minnətdarlıqlarını bildirərək, filialın 30 illik yubileyi ərəfəsində belə bir görüşün keçirilməsindən məmnunluq hislərini ifadə etdilər.
Qeyd edək ki, 3 fevral 2022-ci il tarixədək davam edəcək imtahan sesiyasında 6 ixtisas üzrə 150 imtahan keçiriləcək.