ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra, şanlı tarixə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə filialın direktoru, dos. Tünzalə Yusifova açaraq qeyd etdi ki, 2020-ci ildə əldə olunmuş Şanlı Qələbə 20 Yanvar faciəsinin qurbanlarının da ruhunu şad etmiş oldu. İlk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən sovet ordusunun törətdiyi cinayətlərə siyasi qiymət verilməsi də həmin çıxışda xüsusi vurğulandı.
Filialın Sosial və pedaqoji elmlər kafedrasının müdiri dos. Mayıl Alıcanov “Azadlığa gedən yol ” mövzusunda çıxış edərək faciənin tarixi faktlarından geniş söhbət açdı.
Kitabxana və elektron resurslar şöbəsinin müdiri Razimi Vəsilə isə “20 Yanvar hadisələri bədii ədəbiyyatda” mövzusunda çıxış edərək, həmin günlərdə xalqın azadlıq ideyalarının carçısına çevrilən söz ustadlarımızdan danışdı.
Tədbirdə tələbələrin də çıxışları dinlənildi. Belə ki, Riyaziyyat və informatika müəllimliyi ixtisasının I tədris ili tələbəsi Mənəfov Toğrul “20 Yanvar faciəsi: Unutmadıq, Unutdurmarıq!” mövzusunda çıxış etdi, Məktəbəqədər təhsil ixtisasının I tədris ili tələbəsi Şəlalə Ağamalıyeva “20 Yanvar” şeirini (müəllif: Müzəffər Mezahim) söylədi.
Bununla bərabər yanvarın 20-də filialın kollektivi və tələbələri Şamaxı şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi, Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin ruhuna dualar oxundu.